ABŞ Colani ilə görüşmək üçün Dəməşqə heyət göndərdi...
ABŞ-ın yüksəkvəzifəli diplomatları Dəməşqdə Heyət Təhrir əş-Şam (HTŞ) hərəkatının rəhbərlik etdiyi Suriya keçid hökuməti ilə görüşəcək.
“Reuters” yazır ki, ABŞ Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif, ABŞ Prezidentinin girovlarla bağlı xüsusi elçisi Rocer Karstens və Suriya üzrə yeni təyin olunmuş baş müşaviri Daniel Rubinşteyn Bəşər Əsəd rejiminin süqutundan sonra Dəməşqə səfər edən ilk amerikalı diplomatlardır.
Agentliyin məlumatına görə, ABŞ diplomatlarının Dəməşqə səfəri Qərb ölkələrinin HTŞ ilə tədricən əlaqələr qurması və hərəkatın terror təşkilatları siyahısından çıxarılması imkanlarının müzakirəsi fonunda baş tutub.
Diplomatlar Suriya xalqı ilə, o cümlədən vətəndaş cəmiyyətlərinin nümayəndələri, fəallar və icma üzvləri ilə birbaşa əlaqə saxlayacaq, ölkənin gələcəyi ilə bağlı baxışlarını və Birləşmiş Ştatların mümkün dəstəyini müzakirə edəcəklər. ABŞ nümayəndə heyəti keçid dövrünün prinsiplərini müzakirə etmək üçün HTŞ nümayəndələri ilə də görüşməyi planlaşdırır. Həmçinin onlar 2012-ci ilin avqustunda Suriyada həbs olunmuş amerikalı jurnalist Ostin Tays və bu ölkədə itkin düşən digər ABŞ vətəndaşları haqqında məlumat əldə etməyə çalışacaqlar.
Qeyd edək ki, 2012-ci ildə ABŞ Suriyada başlayan vətəndaş müharibəsi fonunda bu ölkə ilə diplomatik əlaqələri kəsib və Dəməşqdəki səfirliyini bağlayıb.
ZÜMRÜD