Sabah Azərbaycan çempionatı start götürəcək
Dekabrın 15-də boks üzrə Azərbaycan çempionatına start veriləcək. Boks Mərkəzində təşkil olunacaq yarışda kişilər 13, qadınlar 5 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcək. Bu barədə baki-xeber.com-a Federasiyadan məlumat verilib. 6 gün davam edəcək çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 200 (178 kişi, 22 qadın) boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər. Qeyd edək ki, çempionatın baş hakimi Anar Babanlı, supervayzeri Raymond Silvas (ABŞ) olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Onlardan Ço Yanq Suk (Cənubi Koreya), Muhammad Arisa Putra Pohan (İndoneziya) və Pavlo Vasilinçuk (Ukrayna) İBA-nın 3 ulduz kateqoriyasına malikdir. Bu referilərin, həmçinin dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsi var.
İradə SARIYEVA