100 minlərlə manatlıq maşın - telefon nömrələrinin sirri - alan və satanlar kimdir...
Əhməd Qəşəmoğlu: “Bahalı nömrələrə maraq göstərmək insanın məhdudluğunun göstəricisidir”
Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da bahalı mobil telefona və bahalı nömrəyə böyük məbləğdə pul verən, bunu prestij hesab edən insanlar var və onların sayı az deyil.
Sosial şəbəkələrdə bahalı telefon nömrələrinin satışının şahidi oluruq. 50, 60, hətta 100 min manatadək qiymətə satışa qoyulan mobil telefon nömrələrinə rast gəlinir. Bir çoxlarımıza təəccüblü gəlsə də, bu nömrələrin satıcısı ilə yanaşı, alıcısı da var.
Satış saytlarına nəzər yetirəndə, maşın nömrələrinin minimum 500 manatdan başlayıb, 100 min manatadək davam etdiyini görmək olar. Rəqəm və hərf təkrarının daha çox olması nömrələrin qiymətini artıran əsas faktor hesab olunur. Nisbətən sadə görünən və daha çox qarışıq simvollardan ibarət olan nişanlar isə ucuzdur. Məsələn, saytların birində qarşımıza çıxan "10-BB-200" nömrə nişanı 55 min dollara təklif olunur. Digər bir elanda dərc olunan "10-GG-666" yazılı nömrə isə 60 min manatdır. Bu qiymətlərdən də dəfələrlə daha baha təklif olunan maşın nömrələrinə rast gəlmək mümkündür. Analoji hal telefon nömrələrində də müşahidə olunur. Bu yaxınlarda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraca “Azercell Telekom” MMC-yə məxsus mobil telefon nömrələri çıxarıldı. Hərracda start qiyməti 765 – 75 000 manat aralığında dəyişirdi. Qeyd etdiyimiz kimi, bahalı maşın və telefon nömrələrinin alıcısı ölkəmizdə az deyil. Halbuki, həmin qiymətə daşınmaz əmlak belə almaq olar.
“Cəmiyyətdə özünü başqa sahədə təsdiq edə bilməyən insanlar bahalı mobil nömrə ilə və ya avtomobil nömrəsi ilə özünün üstün olduğunu təsdiq etmək istəyir”
Sosioloq Əhməd Qəşəmoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bahalı nömrələrə maraq göstərmək insanın məhdudluğunun göstəricisidir: “Dünyagörüşü inkişaf etmiş bir insana 200 manata nömrə təklif etsəniz, lazımsız olduğunu deyəcək. İnsanlarda belə bir təbii xüsusiyyət var ki, hər kəs özünü nədəsə təsdiq etmək istəyir. İnsanın böyük uğurları, yüksəldiyi yerlər varsa, özünü təsdiq etmiş hesab olunur. Amma o insanlarda ki yarımçıq kompleks var, çalışır ki, həyatda başqa bir şeylə özünün üstün olduğunu təsdiq etsin. Özünü başqa sahədə təsdiq edə bilməyən insanlar qeyri-adi yollarla üstünlüklərini nümayiş etdirməyə çalışırlar. Təəssüf ki, bizdə də bu cür insanlar çoxdur. Cəmiyyətdə özünü başqa sahədə təsdiq edə bilməyən insanlar bahalı mobil nömrə ilə, avtomobil nömrəsi ilə və yaxud başqa bir hay-küylü şeylə özünün üstün olduğunu təsdiq etmək istəyir”.
Günel CƏLİLOVA