Ermənistan Azərbaycanın şərtlərini bir-bir qəbul edə-edə gəlir - xəritə, ikitərəfli danışıq...
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və əməkdaşlıq münasibətlərinin qurulması üçün Bakının şərtləri İrəvan tərəfindən bir-bir qəbul edilir. Hadisələrin inkişaf axarı da bunu təsdiq edir. Məsələn, indi Ermənistan da, Azərbaycanın əvvəldən bəyan etdiyi kimi, münasibətlərin tənzimlənməsi ilə bağlı danışıqların daha çox ikitərəfli əsasda aparılmasını dəstəkləyir.
Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan bildirir ki, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı müzakirə vasitəçilər olmadan aparılmalıdır: “Əgər biz suveren dövlətiksə, Azərbaycanla vasitəçisiz danışıqlar aparmalıyıq. Mübahisələrin həlli proseduru çox mürəkkəbdir, lakin üçüncü ölkəni cəlb etsək, maraqların toqquşmasının necə olacağını bilmirəm. Vasitəçilər danışıqlarda iştirak etsələr, İrəvan və Bakı, özlərindən asılı olmayaraq, məcburi xarakter daşıyan risqlərlə üzləşə bilərlər”. Bir daha qeyd edək ki, rəsmi Bakı da danışıqların ikitərəfli formatda aparılmasında maraqlıdır. Daha bir məqam odur ki, bu yaxınlaradək Ermənistan hökuməti sərhədin delimitasiya və demarkasiya prosesində həmin xəritələrə əsaslanmağa təkid edib. Azərbaycan isə bunun qeyri-məqbul olduğunu bəyan edib. İndi Mher Qriqoryan da etiraf edir ki, 1970-ci illərə aid sovet hərbi xəritələri Azərbaycanla sərhədin çəkilməsində tək texniki plan deyil. “Qraparak” nəşri yazır ki, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevin daha bir tələbini yerinə yetirdiyi üzə çıxıb. Nəşrin əldə etdiyi məlumata görə, Ermənistan hakimiyyəti sülh müqaviləsi layihəsinə Bakıda həbsdə olan erməni separatçıların azad edilməsi məsələsini daxil etmək istəyib: “Lakin Azərbaycan buna qəti şəkildə etiraz edib, Ermənistan da sonda geri çəkilib. Paşinyan geri çəkilməni hakim komandaya belə izah edib ki, guya bununla Əliyevin sülh danışıqlarında istifadə edə biləcəyi məsələlərdən birini aradan qaldırıb. Hərçənd, mənbəmiz əsl səbəbin başqa olduğunu deyir. Məlumata görə, Paşinyan əslində özünü lazımsız başağrısından xilas edib. Ermənistan tərəfi bununla həm də “artsax” rəhbərliyinin, Azərbaycanın təqdim etdiyi kimi, terrorçu olduğunu təsdiq etmiş olur”. Hakim partiyanın deputatlarından olan Ovik Ağazaryan nəşrə açıqlamasında həbsdə olan ermənilərlə bağlı məsələnin sülh müqaviləsinə daxil edilməsindən imtina edildiyini təsdiq edib. O, bu məsələnin sülh prosesini dalana dirədiyini qeyd edib. Bunlarla yanaşı, Ermənistan artıq onu da qəbul edir ki, Azərbaycan bu ölkəyə hansısa təhdid yaratmır. Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyasından olan deputat Xaçatur Sukiasyan bu fonda maraqlı açıqlamalar verib: “Hazırda Azərbaycandan Ermənistana qarşı hər hansı müharibə təhlükəsi görmürəm”. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti beynəlxalq ictimaiyyətin tanıdığı və norma və tələb kimi qəbul etdiyi standartlara uyğun sülh istəyir. O, sülhün əldə olunacağına əminliyini ifadə edib. Sukiasyan əlavə edib ki, regionda tədricən münasibətlər yaxşılaşmağa başlayır və bir-birinin suverenliyinə hörmət institutu formalaşır: “Azərbaycan regionun dövlətlərindən biridir. Azərbaycanın rəsmi bəyanatlarında “ərazi bütövlüyü və suverenlik” anlayışı var. Eyni zamanda digər dövlətlər - İran, Türkiyə, Gürcüstan, Ermənistan da bunu açıq şəkildə bildirirlər”. Onun sözlərinə görə, Ermənistan özünə gəlməyə başlayır: “Əlbəttə, 2020-ci ildə çox böyük itkilərimiz oldu, lakin bundan sonra müəyyən ayıqlıq yarandı və Ermənistan öz texnologiyaları və şaxələndirilmiş iqtisadiyyatı ilə regionda tamamilə anlaşılan və məqbul oldu. Ermənistan bütün qonşu dövlətlərlə əməkdaşlıq etsə, çox ciddi iqtisadiyyata sahib olar. Deyəsən, biz buna doğru gedirik”. Bunlar fonunda Ermənistan Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı şərtlərini də qəbul etməyə yaxınlaşır.
Qeyd olunan xüsusda da Xaçatur Sukiasyan maraqlı açıqlamalar verib. O qeyd edir ki, Ermənistan dünyanın istənilən ölkəsi ilə çoxşaxəli iqtisadi əlaqələrə malik olmalıdır. Zəngəzur dəhlizi isə bu prpsedə mühüm rol oynaya bilər. Onun sözlərinə görə, bu dəhlizə nəzarət yox, montitorinq lazım ola bilər: “Ermənistan ərazisindən keçən istənilən yol bizim suverenliyimiz çərçivəsindədir. Təbii ki, regionun digər dövlətlərinin etimad göstərməsi üçün nəzarət yox, ancaq müəyyən monitorinq lazım ola bilər. Bu məsələlər müəyyən qədər texniki, müəyyən dərəcədə siyasi, müəyyən dərəcədə dövlət xarakteri daşıyır. Düşünürəm ki, ölkələr arasında “qızıl orta” tapılacaq”. Moskvanın Zəngəzurdan keçən yola nəzarət etməkdə israrlı olması ilə bağlı iradlara cavab olaraq deputat deyib ki, istənilən ölkə öz maraqlarını irəli aparmağa çalışır: “Hər hansı bir dövlətin daha çox əldə etmək istəyi adi haldır. Bir də ki, əksinə olur: ya nəyisə vermir, ya da verir. İndi biz dövlət olaraq digər dövlətlərlə danışıqlarda Ermənistan üçün ən yaxşısını istəyirik. Və burada “qızıl orta” tapılacaq. Düşünürəm ki, biz bu məsələnin üzərində çox dayanmışıq və bununla da əlaqəni çətinləşdiririk. Buna gərək yoxdur. Beynəlxalq birliklər, nizam-intizam, beynəlxalq əlaqələr, dövlətlər arasında imzalanmış müqavilələr var. Nəticədə hər şey həll olunacaq və hesab edirəm ki, Ermənistanın açıq siyasət yürütməsi düzgün olar”. Sərhəd məsələsində də Ermənistan tədricən Azərbaycanın haqlı mövqeyini qəbul etməyə başlayır. Bu xüsusda Ermənistan parlamentinin spikeri Alen Simonyanın son açıqlamalrı xüsusi diqqət cəlb edir. Belə ki, spiker erməni jurnalist qoşunların hazırda Tavuşda hansı ərazilərdə yerləşməsinə dair sual verib. Buna cavab çox maraqlı olub: “İndi sənə koordinatları verməyimi istəyirsən, ciddisən? Tavuşda sərhəd xətləri çəkilərkən gördük ki, biz həqiqətən də bəzi ərazilərdə irəlidəyik. Demarkasiya ümumiyyətlə aparılmadığı üçün ciddi problem var idi. Sərhəddə hazırda bir-birimizin ərazilərində dayanmışıq. Bəzi hissələrdə Azərbaycan, bəzilərində isə Ermənistan geri çəkilməlidir. Əsas məqsəd sülhü bərqərar etmək və ölkəmizin 29 min 743 kvadrat kilometrlik ərazisini rəsmi olaraq qeydiyyata almaqdır”. Simonyan bildirib ki, sülh müqaviləsi imzalandıqdan və sərhədlərin müəyyənləşməsi başa çatdıqdan sonra erməni xalqı qonşuları ilə sərbəst ticarət edə və ünsiyyət qura biləcək, beləliklə, bütün problemlər həllini tapacaq. Proseslər göstərir ki, Ermənistan Azərbaycanın bütün haqlı şərtlərini bir-bir qəbul etməkdə davam edir.
Nahid SALAYEV