Fransa Yeni Kaledoniyada etirazları boğmaq üçün komendant saatını yenə uzatdı...
Fransa, Hind-Sakit Okeandakı müstəmləkəsi olan Yeni Kaledoniyada müstəqillik tərəfdarının may ayında başlatdığı etiraz aksiyalarını yatırmaq üçün zorakılıqlarını davam etdirir.
Son məlumatlara adada komendant saatı yenidən uzadılıb. Adadakı Fransa Ali Komissiyasının açıqlamasına görə, Yeni Kaledoniyada silah satışı və istifadəsinin qadağan edilməsilə yanaşı, toplaşma və yürüş qadağası da davam edəcək. Saat 22.00-05.00 arası komendant saatının 4 noyabra qədər uzadıldığı bildirilib. Eyni zamanda, adada idman yarışları istisna olmaqla, bütün kütləvi tədbirlər məhdudlaşdırıb.
Adada gecə saatlarında tətbiq edilən komendant saatı təxminən 4 aya yaxındır ki, davam edir.
Bütün bunlara baxmayaraq, Fransadan 17 min kilometr uzaqlıqda olan Hind-Sakit Okean bölgəsindəki Yeni Kaledoniyada, Fransa hökumətinin yerli xalqın seçkilərdə rolunu azaldacaq konstitusiya islahatına etirazlar davam edir.
May ayında konstitusiya islahatına qarşı etirazlara qalxan yerli xalq, həbs edilmək üçün Fransaya göndərilən Kanak lideri Kristian Teynin də aralarında olduğu 5 müstəqillik tərəfdarının geri göndərilməsini və Fransa hökumətinin konstitusiya islahatını geri çəkməsini tələb edir.
Yerli sakinlər həmçinin, müstəqillik nümayişlərini yatırmaq üçün Fransa hökumətinin adaya göndərdiyi 3 min nəfərlik fransız təhlükəsizlik qüvvələrinin, eləcə də, Yeni Kaledoniyadakı Fransa ali komissarı Lui Le Frankın və prokuror Yves Dupasın adanı tərk etməsini tələb edirlər.
“France-Presse” agentliyinin məlumatına görə, Yeni Kaledoniyada mayın ortalarından bəri davam edən iğtişaşlar nəticəsində iki jandarm da daxil olmaqla 13 nəfər həlak olub, yüzlərlə insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
TAHİR