“Hizbullah” liderinin ölümündə İran barmağı? - İki gün əvvəl xəbərdar edildiyi ortaya çıxdı: “İran səni satdı”
“Hizbullah” lideri Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsindən sonra Yaxın Şərqdə gərginlik pik həddə çatıb.
Qeyd edək ki, İsrail Livanın paytaxtı Beyruta intensiv hava zərbələri endirib. Hava zərbələri nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullah həyatını itirib.
Dünyada böyük əks-səda doğuran hücumla bağlı “Al Arabiya” kanalında şok açıqlama verilib.
Livandakı Ərəb İslam Şurasının baş katibi Məhəmməd Əli əl-Hüseyni sentyabrın 25-də “Al Arabiya”ya verdiyi açıqlamada Nəsrullaha xəbərdarlıq edərək İranın onu satdığını deyib.
“Vəsiyyətini yaz. İran səni və dəstəni satdı. Əgər bilsəydin ki, İran sənin başının müqabilində hansı sövdələşmə edib, hər şey alt-üst olardı…
Sənə Qüdsü göstərənlər səni satdılar. Ümid edirəm ki, tezliklə nə baş verdiyini görəcəksən...” - Hüseyni açıqlamasında bildirib.
Ərəb İslam Şurasının katibi Nəsrullahın ölümündən sonra isə X hesabında Nəsrullahla fotosunu paylaşaraq bunları yazıb: "Biz Livanı birlikdə azad etdik. İsraili qovduq. Amma siz qardaşlarınızı və millətinizi deyil, İranı seçdiniz. Sizi məzlumlara qarşı istifadə edib, sonra da ortada buraxdılar".
Qeyd edək ki, İsrailin Livanda peycerləri hədəf alan hücumunda hədəf alınan cihazların İran üzərindən sifariş edilməsi də diqqət çəkmişdi.
TAHİR