Rəisin sözünə görə, metroda gediş haqqı azı 70 qəpik olmalıdır...
“Bakı Metropoliteni” QSC-nin sədr müvani Hidayət Məmmədovun AZƏRTAC-a müsahibəsində səsləndirdiyi “ötən il metropoliten ilə bir sərnişinin daşınması 68 qəpiyə başa gəlib” fikirləri ciddi müzakirə yaradıb.
H.Məmmədovu tənqid edənlər bildiriblər ki, bu, metroda gedişhaqlarının artırılacağına dair siqnaldır. Artıq Bakı sakinləri arasında qiymət artımı ilə bağlı müzakirələr də artıb.
Kamran Məmmədli: “Metroda gediş haqqının 70 qəpik olması gündəlik işə, dərsə gedib-gələn aztəminatlı ailələrin büdcəsinə ciddi mənada təsir edəcək”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırki şəraitdə metroda gediş haqqının qalxması düzgün deyil: “Nəzərə almaq lazımdır ki, metro, ictimai nəqliyyatdan imkanlı təbəqə istifadə etmir. Onların da maddi durumunu fikirləşmək lazımdır. Metroda gediş haqqının 70 qəpik olması gündəlik işə, dərsə gedib-gələn aztəminatlı ailələrin büdcəsinə ciddi şəkildə təsir edəcək”.
Rövşən Həsənov: “Dövlət həm metroda, həm də ictimai nəqliyyatda bəzi güzəştlər edib onların zərərini qarşılamalıdır”
Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov hesab edir ki, dövlət həm metroda, həm də ictimai nəqliyyatda bəzi güzəştlər edib onların zərərini qarşılamalıdır: “Minimum əməkhaqqı qaldırılarsa, bəlkə həm metroda, həm də avtobuslarda qiymət artımı müzakirə oluna bilər. Orta yaşayış səviyyəsi müəyyən olunmayana qədər onların heç biri Tarif Şurası tərəfindən hesablamağa belə çıxarılmamalıdır”.
Ekspertin sözlərinə görə, dövlət həm avtobusların, həm də metronun ziyanla işləməsi ilə bağlı müəyyən güzəştlər etməlidir. Onun sözlərinə görə, hər şey istifadəçi tərəfindən qarşılanmamalıdır: “İnkişaf etmiş ölkələrdə nəzərdə tutulub ki, dövlət tərəfindən vergi sahəsində, ictimai nəqliyyatda və digər sahələrdə bir sıra güzəştlər olsun və bu birbaşa daşıyıcı şirkətlərin büdcəsinə zərərlə yekunlaşmasın. Daşıyıcı da ziyan gördüyü halda Tarif Şurasına müraciət edir ki, qiymətlər sərfəli deyil”.
Günel CƏLİLOVA