"Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır" - Əhliman Əmiraslanov
Sağlam qida insan sağlamlığı üçün ən zəruri amildir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində sağlamlıq proqramları həyata keçirilir. Bu proqramların əsas şərtlərindən biri sağlam qidalanmaqdır. İnsan orqanizminə daxil olan infeksiyalar, kanserojen maddələrin böyük əksəriyyəti insan orqanizminə çirklənmiş qidalar vasitəsilə daxil olur. Hər il yalnız bakterial viruslu qidaların daxil olması nəticəsində planetimizdə 600 milyon insan xəstələnir. Onlar arasında ölüm göstəricisi kifayət qədər yüksəkdir.
Bu sözləri Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə keçirilən “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə deyib.
Komitə sədri yoluxucu xəstəliklərin böyük əksəriyyətinin zərərli qida maddələri ilə bağlı olduğunu vurğulayıb.
“İnsanlar arasında ölümə səbəb olan ürək-damar patologiyasının, onkoloji xəstəliklərin əmələ gəlməsinə dair ciddi tədqiqatların nəticəsi kimi qida ilə bağlı məsələlər birinci sırada dayanır. Onkoloji xəstəliklərin 25 faizinin əmələ gəlməsinin səbəbi qida amilidir. Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır. Müxtəlif konsevləşdirilmiş, hisə verilmiş ət və balıq məhsullarının, heyvan mənşəli piylərin hər birinin insanda bədxassəli şişlərin əmələ gəlməsində rolu elmi tədqiqatlarla sübut olunub, bunu heç kim inkar edə bilməz”, - deyə Ə.Əmiraslanov vurğulayıb.
ZÜMRÜD