Körpə uşağa torpaq yedirdən azərbaycanlı ana - "bu Kərbəladan gəlib"…
Tural İrfan: “Gələcəkdə bəzi şəxslər bu kimi xurafatları biznesə, alverə çevirəcək”
Sosial şəbəkələrdə körpə uşağa torpaq yedizdirən şəxsin görüntüləri gündəm olub. Video görüntüdə uşağın valideyni qeyd edir ki, yeni doğulan körpəyə mütləq Kərbəla torpağından barmağının ucunda azca dadızdırmaq lazımdır:
“Şəriətdə Kərbəla torpağından başqa torpaq yemək haramdır. İnsan öldüyü zamanda Kərbəla torpağından qəbrinin üzərinə səpilməlidir”.
Məlum görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. Yeni dünyaya gələn körpəyə torpaq yedirdən şəxs qınanılıb.
“Yeni doğulan uşağa torpaq yedirtmək fikri xurafatdır, insanların inamından istifadə edib, başqa istiqamətə yönəldirlər”
Ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, şəriətdə torpaq yemək haram hesab olunur. Elə bir təsnifat yoxdur ki, Kərbəla torpağını yemək olar, başqa yerinkini yox: “İnsan torpaqdan yarandığına görə torpaq insanın bir parçası hesab olunur. Torpaq yemək insan əti yemək kimi bir şeydir. Tibbi cəhətdən də torpaq yemək düzgün sayılmır. Çünki torpağın tərkibində mikrob, bakteriyalar var. Yeni doğulan uşağa torpaq yedizdirmək fikri xurafatdır. Insanların inamından istifadə edib, başqa istiqamətə yönəldirlər”.
Həmsöhbətimizin sözlərinə görə, bəzən bu cür videolar, paylaşımlar bilərəkdən edilir. Bu işlərin arxasında xaricdə yaşayan bəzi qüvvələr dayanır: “Təəssüf ki, ölkəmizdə İran İslam modeli yayılıb. Niyə Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İraq İslam modeli deyil, məhz İranın tərzində əzan oxunur, fikirlər yayılır? Problem ondadır ki, özümüzə aid İslam modeli yoxdur. Bununla bağlı iş görülmür. Din xadimlərimiz uşağa torpaq yedirdən valideynə niyə etiraz etmir? Bu kimi xurafatlara müstəqil ilahiyyatçılar yox, din xadimləri münasibət bildirməlidir. Onlar o vəzifəyə ona görə təyin olunub ki, insanları elmi cəhətdən maarifləndirsin. Təəssüf ki, din xadimlərimiz ictimai məsələlərlə bağlı mövzularda təbliğat aparmır”.
T.İrfan onu da əlavə etdi ki, gələcəkdə bəzi şəxslər bu kimi xurafatları biznesə, alverə çevirəcək: “Yəni torpağın qramını müəyyən məbləğə satacaq ki, bəs bu torpaq Kərbəladan gəlib. Kim uşağına vermək istəyirsə müəyyən vəsait ödəməlidir”.
Günel CƏLİLOVA