Azərbaycan və Rusiya Xəzərin dayazlaşması ilə əlaqədar ikitərəfli işçi qrup yaratdı
Azərbaycan və Rusiya tərəfindən Xəzər dənizinin dayazlaşması məsələsi ilə bağlı ikitərəfli işçi qrup yaradılıb. Nazirlər Kabinetindən bildiriblər ki, Azərbaycanın və Rusiyanın aidiyyəti nazirliklərinin və qurumlarının, elmi-tədqiqat institutlarının nümayəndələrindən ibarət işçi qrup Xəzər dənizinin dayazlaşması ilə əlaqədar tədqiqatlar aparacaq.
Qrupun yaradılması haqqında qərar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu il avqustun 19-da keçirilmiş görüşünün yekunlarına əsasən qəbul olunub.
Görüş zamanı tərəflər arasında Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı məsələlər müzakirə edilib.
Yüksək səviyyədə əldə olunmuş razılaşmaların icrası məqsədilə sentyabrın 17-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Xəzər dənizinin dayazlaşması problemini, dəniz səviyyəsinin dəyişməsi ilə bağlı gələcək ssenarilərin hazırlanması və müvafiq adaptasiya tədbirləri barədə variantları nəzərdən keçirib, həmçinin ikitərəfli işçi qrupun yaradılması barədə razılığa gəliblər.
Oktyabrın 2-də işçi qrupun tərkibi formalaşdırılıb. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev və Rusiya Federasiyasının təbii sərvətlər və ekologiya nazirinin müavini Sergey Anopriyenko qrupun həmsədrləri təyin olunub.
Birgə fəaliyyət formatı çərçivəsində mütəxəssislər tərəfindən Xəzər dənizinin səviyyə dəyişikliklərinin səbəblərinin araşdırılmasını, qısamüddətli və uzunmüddətli proqnozların hazırlanmasını, adaptasiya strategiyasını, su səviyyəsinin dəyişikliklərinin monitorinqini, birgə elmi tədqiqatların aparılmasını, həmçinin sahilyanı zonalara mənfi təsirləri azaltmağa yönəlmiş digər tədbirləri özündə əks etdirən Fəaliyyət Planı hazırlanacaq.
ZÜMRÜD