Onkoloji xəstələrə bu köməyin də "buzu əriməyə başlayır" - nə vaxt?..
Pərvanə Mustafayeva: “Növbəti mərhələdə məhz onkoloji xəstələr icbari tibbi sığorta paketindən istifadə edə biləcək”
“Azərbaycanda onkoloji xəstəliklərin tibbi sığorta ilə müalicə olunmasına görə hesablamalar aparılır, xarici mütəxəssislər cəlb edilib”. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Səhiyyə Nazirliyi və aidiyyəti qurumlarla onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində olması üçün bir neçə görüşlər keçirilib: "Hazırda hesablamalar aparılır. Çünki sığorta dəqiq hesablamalar tələb edir. Xarici ölkələrdən də bu işə mütəxəssislər cəlb edilib. Hazırda Türkiyədən mütəxəssislər gözləyirik”.
Ekspertlər hesab edir ki, onkoloji xəstəlikdən əziyyət çəkənlərə dəstək göstərilməlidir. Bu sahə də sığortaya salınmalıdır.
“Onkoloji xəstəliklərin bu paketə əlavə edilməsi bir çox insanların problemlərinin həll olunmasına çox böyük kömək olacaq”
Həkim ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, onkoloji xəstələr icbari tibbi sığortanın predmeti olmalıdır. Bunun başqa alternativi yoxdur: “Ümumiyyətlə, bütün xəstəliklər icbari tibbi sığorta paketinə daxil olmalıdır. Ölkəmiz artıq üç ildir ki, icbari tibbi sığortaya keçib. Mərhələli şəkildə xəstəliklər bu siyahıya daxil edilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev qeyd etmişdi ki, onkoloji xəstəliklər də bu siyahıya salınacaq. Nəzərə almaq lazımdır ki, onkoloji xəstələrin sayı kifayət qədərdir. Eyni zamanda çox yüksək maliyyə xərci tələb olunan xəstəliklər sırasına aiddir. Onkoloji xəstəliklərin bu paketə əlavə edilməsi bir çox insanların problemlərinin həll olunmasına çox böyük kömək olacaq. Əgər icbari tibbi sığorta respublikada tətbiq olunursa, bu xəstəlik də ora daxil olmalıdır. Hər bir vətəndaş hansısa bir xəstəlikdən əziyyət çəkirsə, onun da hüququdur ki, icbari tibbi sığortasından istifadə edə bilsin. Güman edirəm ki, növbəti mərhələdə məhz onkoloji xəstələr icbari tibbi sığorta paketindən istifadə edə biləcəklər”.
Günel CƏLİLOVA