Lənkəranda tanınmış istirahət mərkəzlərində neqativ hallar aşkarlandı
Yayın isti günləri davam edir. Çox vaxt günəş yerə od ələyir. Qışı, payızı, yazı füsunkar keçsə də, Lənkəranın yayına dözmək çox çətindir. İstilərdən yaxa qurtarmaq üçün camaat rayonda olan parklara, istirahət mərkəzlərinə can atır. Açığını deyək ki, getdikləri yerlərdə göstərilən xidmət heç də onları razı salmır.
Vəziyyətin ciddiliyini nəzər alan aidiyyəti orqanlar işə başlayıb. Bu günlərdə Lənkəran Rayon Polis Şöbəsi əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə birgə rayona məxsus dənizkənarı ərazilərdə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər aparılıb və aylarla qalaqlanan çoxlu nöqsanlar üzə çıxarılıb. Belə ki, keçirilən tədbirlər zamanı “Beluqa”, “Palm Beach”, “Aysberq”, “Yeddi bulaq” dənizkənarı istirahət mərkəzlərində sanitar-texniki normaların pozulması, çirkab suların kənara axması və ya sızması, zibil tullantılarının urnalardan kənara atılması, eləcə digər neqativ hallar aşkarlanıb. Həmçinin rayonun Aşağı Nüvədi kəndi ərazisində yerləşən “Səfalı” istirahət mərkəzində də insanlarda narahatçılıq yaradan səbəblər tapılıb, ən əsası məişət tullantılarının urnalardan kənara atılması halları müəyyən edilib. Aşkarlanan hallarla bağlı sözügedən obyektlərin məsul əməkdaşları barəsində inzibati tənbeh tədbiri görülüb.
Onu da bildirək ki, belə tədbirlərin vaxtaşırı aparılması nəzərdə tutulub.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü