Bir həftədə Baydendən Bakıya 2 məktub - düşmənlər rəzil edildi...
Ramil Hüseynov: “Baydenin məktubu Azərbaycanın önəminə verilən yüksək qiymətin göstəricisidir”
COP29 Azərbaycana neft-qaz sektorundan metan emissiyalarının məhdudlaşdırılması və “təmiz enerji” keçidinin inkişafı kimi əsas qlobal təşəbbüsləri irəlilətmək üçün unikal imkan yaradır.
Bu barədə ABŞ Prezidenti Cozef Baydenin iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasiminin iştirakçılarına ünvanladığı məktubda bildirilib.
Məktubda qeyd edilir ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin, xüsusilə Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır. O da məktubda bildirilib ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin, xüsusilə Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır. Həmçinin qeyd edilib: “Regionda sabitliyin olması ABŞ-ın marağındadır. İmzalanacaq sülh razılaşması uzun illərdir davam edən münaqişəyə tamamilə son qoyacaq, eyni zamanda Azərbaycanın və Cənubi Qafqazın dünya miqyasında oynadığı rolu dəyişəcək. Mən növbəti aylarda da əlaqələrin daha da dərinləşməsi istiqamətində atılacaq bütün addımlara dəstəyimi ifadə etmək istəyirəm”.
Burada vacib və diqqəti çəkən məqam odur ki, son bir həftədə Bayden ikinci dəfə Azərbaycana məktub yazır. Bu, dünyada çox nadir enerji toplantısıdır ki, ABŞ prezidenti təbrik göndərib. Həmçinin məktubda ABŞ-Azərbaycan münasibətləri, bu münasibətlərin pozmaq istəyən dairələrin iflasa uğramasına eyham önəmli məqamdır. Görünən odur ki, bu əlaqələri pozmağa çalışan erməni lobbi dairələri heç nəyə nail olmadılar. ABŞ bundan sonra da Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qorusa, Bakı-Vaşinqtion əlaqələri daha da inkişaf edəcək. Məktubda yer alan məqamlar da bunun xəbərçisidir. O baxımdan Baydenin ikinci məktubu Azərbaycana əvəzsiz tərəfdar kimi baxmasının ifadəsidir.
“Ölkəmiz önəmli coğrafi mövqedə yerləşməklə yanaşı, həm də müstəqil siyasət yürüdür”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin sədri Ramil Hüseynov hesab edir ki, Baydenin məktubu Azərbaycanın önəminə verilən yüksək qiymətin göstəricisidir: “Məlum olduğu kimi, təxminən bir həftə öncə Bayden Müstəqillik Günü ilə bağlı həmkarı İlham Əliyevə məktub göndərib. Orada Ağ Ev başçısının ölkəsinin “Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq etməsi” yetərincə diqqət çəkib. Təbrik məktubundakı həmin cümlə ilə Vaşinqton onun üçün “Qarabağ səhifəsi”nin de-fakto bağlandığını rəsmən, ən yüksək səviyyədə etiraf eləmiş olub. Üstəgəl, 28 May təbrikində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu ayrıca vurğulayıb. İkinci məktub birincinin yaxşı mənada davamı, ölkəmizin bölgədəki lider rolunun etirafı sayıla bilər. Çünki Bayden adminstrasiyası yaxşı görür ki, Azərbaycan önəmli coğrafi mövqedə yerləşməklə yanaşı, həm də müstəqil siyasət yürüdür. Cənibi Qafqazda gedən geosiyasi mübarizədə hansısa güc mərkəzinin yedəyində getmir. Müstəqil siyasət yürüdür. Önəmli enerji ölkəsi olmaqla yanaşı, həm də vacib nəqliyyat, logistika qovşağıdır. Azərbaycan qanlı müharibənin getdiyi Ukraynaya humanitar yardım göstərir. Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması istiqamətində konkret, ardıcıl addımlar atır. Azərbaycan Avropanın enerji təchizatına töhfə verir. Bütün bunlar Azərbaycanın önəmini daha da artırır”.
Vidadi ORDAHALLI