179 din xadiminin vurulma səbəbləri açılır...
Tural İrfan: “Fəaliyyətinə xitam verilən din xadimlərinin uzaqlaşdırılmasının səbəblərindən biri məhz dini ali təhsillə bağlıdır”
“Ötən il 179 din xadiminin fəaliyyətinə xitam verilib”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Sədr müavini qeyd edib ki, ötən il Komitə tərəfindən müsahibələrdən uğurla keçən 137 nəfər (35 qadın və 102 kişi) məscid və ziyarətgahlara imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələrinə təyin olunub. Həmçinin 29 nəfər din xadiminin rotasiya qaydasında vəzifəsi və iş yerləri dəyişdirilib.
Maraqlıdır, 179 din xadiminin fəaliyyətinə hansı səbəbdən xitam verilib?
“Din xadimlərinin işdən çıxarılma səbəblərindən biri də onların xarici təsirə bağlı olmasıdır”
Ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, axundluğa qəbulla bağlı yeni tələblər var. Həmin tələblərdən biri və ən əsası dini təhsildir. Dini təhsil də ölkə daxilində olmalıdır: “Fəaliyyətinə xitam verilən din xadimlərinin uzaqlaşdırılmasının səbəblərindən biri məhz dini ali təhsillə bağlıdır. Bununla yanaşı, xarici təsirlərə düşən şəxslər də araşdırılıb bu sahədən uzaqlaşdırılıb. Ümumiyyətlə, fəaliyyətində hər hansı bir nöqsan aşkarlanan şəxsin uzaqlaşdırılması müsbət haldır. Bu hal din sahəsində aparılan islahatların bariz nümunəsi sayıla bilər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ziyarətgahların, məscidlərin yeni qaydalarla fəaliyyət göstərməsi effektivdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tətbiq etdiyi yeni qaydalar bu sahəyə müsbət təsir edir: “Danılmaz faktdır ki, bəzi din xadimləri İranın və ərəb ölkələrinin təsirinə düşüb. Əslində onları din xadimi adlandırmaq düzgün deyil. Onlar xarici ölkədən hansısa bir kağız və ya arayış alıb, burda da axund kimi fəaliyyət göstərirdilər. Həmin şəxslər yeni qayda ilə imtahan olundu və nəticə də göz qabağındadır. Onu da deyim ki, bəzi şəxslər imtahandan qorxduqları üçün öz istəkləri ərizə yazıb, işlərindən uzaqlaşdı.
Danılmaz faktdır ki, xaricə təsirlərə meylli olanlar məscidlərdə, öz xütbələrində belə dini siyasiləşdirirdi. Onlar radikal fikir səsləndirməkdən çəkinmirdi. Təbii ki, bu işin arxasında İranın rolu var”.
T.İrfan hesab edir ki, din xadimləri arasında araşdırma hələ tam aparılmayıb: “Əminliklə deyirəm ki, bu gün kifayət qədər imam və axundlar var ki, onlar çox ziyanlı fəaliyyətlə məşğuldur. Ola bilər ki, kadr çatışmazlığı səbəbindən Komitə hələlik bu şəxsləri yerində saxlayır. Zamanla zərərli fəaliyyətlə məşğul olanlar uzaqlaşdırılacaq. Məlumdur ki, Bakı İslam Universitetinin 3 min 550 məzununun diplomu Təhsil Nazirliyi tərəfindən tanınmayıb. Bu da ölkədə ali dini xadimlərin yetişməsinin qarşısını alıb. Məlum problem Azərbaycanda din sahəsinə mənfi təsir etdi”.
Ekspert onu da vurğuladı ki, hazırda Azərbaycanda ali dini dərəcə almaq mümkünsüzdür. Aidiyyəti qurumlar elə sistem qurublar ki, dini dərəcə almaq üçün mütləq İrana gedilməlidir: “Bu problem böyük bir bəlaya səbəb olur. Din varsa onun alimi də olmalıdır. Bütün dünyada qayda belədir. Bizdə bu tətbiq olunmadığı üçün din xadimlərimizin bir qismi Ərəbistan, İraq, bəziləri isə İrana bağlıdır. Danılmaz faktdır ki, xarici qüvvələr ciddi cəhdlə müsəlman ölkələrinə təzyiq edir ki, müctəhid yetişməsin. Azərbaycanda ali din xadimi olsa dövlətçiliyə uyğun qərar verəcək. Bu gün bizdə ali din xadimi olmadığı üçün qeyd olunan sahədə problem yaşanır”.
Günel CƏLİLOVA