Prezident İlham Əliyev Mixail Mişustinlə görüşdü - FOTO/YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin ilə görüşüb.
Rusiya Hökumətinin Sədrini salamlayan Prezident İlham Əliyev dedi:
- Sizi görməyimə şadam. Vaxt tapıb gəldiyiniz üçün sağ olun. Çox şadam ki, Rusiya bu konfransda yüksək səviyyədə təmsil olunub. Əminəm ki, Sizin müzakirələrdə şəxsən iştirakınız ona xüsusi əhəmiyyət verəcək.
Həmçinin konfransın Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ərəfəsində və COP29-a hazırlıq prosesində Azərbaycana göstərilən dəstəyə görə Rusiya Federasiyasına minnətdarlığımı bildirmək istərdim. Bizim üçün bu, təbii ki, müstəsna hadisədir. Azərbaycanda heç vaxt belə miqyasda tədbirlər keçirilməyib. Biz şadıq ki, dost ölkələr bu tədbirdə fəal iştirak edir və yüksək səviyyədə təmsil olunurlar.
Əlbəttə, həmişə olduğu kimi, ikitərəfli gündəliyi bir daha nəzərdən keçirmək üçün yaxşı fürsətdir. Son vaxtlar Vladimir Vladimiroviç ilə tez-tez görüşürük, amma bununla belə, münasibətlərimizin gündəliyi o qədər genişdir ki, sanki görülən bütün işləri mütəmadi olaraq yoxlamağa və gələcək inkişaf istiqamətlərini müəyyən etməyə ehtiyac var.
Beləliklə, bir daha xoş gəlmisiniz.