Qərbin Ermənistan siyasəti dəyişəcək - Gürcüstan seçkilərinin təsiri...
Elşən Manafov: “Ermənistanın Gürcüstan üzərindən silahlandırılması xeyli çətinləşəcək”
Məlum olduğu kimi, Gürcüstanda parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyası qalib gəlib. Nəticəyə əsasən, hakim “Gürcü Arzusu” seçkilərdə 54,24 faiz səs toplayıb.
O da məlumdur ki, Ermənistanın Qərbə çıxışı Gürcüstan üzərindən həyata keçirilir. Qərbə yaxın qüvvələr qalib gəlsəydi, bunun Ermənistanın Qərb tərəfindən silahlandırılmasında, təsir imkanlarının güclənməsində yeni imkanlar yaradacağı gözlənilirdi. Qərbin Gürcüstan üzərindən Ermənistana girişi daha da asanlaşacaqdı. O baxımdan “Gürcü Arzusunun” qalib gəlməsi Qərbin Ermənistanla, Cənubi Qafqazla bağlı planlarının önlənməsinə necə təsir edə biləcək? Xüsusən də Gürcüstanda proseslərin belə yekunlaşması Qərbin Ermənistana münasibətdə siyasətində hansı dəyişikliklər yarada bilər?
“Bu faktor Qərbin dəstəyi ilə hakimiyyətə gəlmiş Paşinyan iqtidarının da perspektiv durumuna təsirsiz ötüşməyəcək”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov buna bir neçə aspektdən yanaşdı: “Gürcüstandakı parlament seçkiləri bu ölkədə müharibə və sülh, əxlaqsız təbliğat və ənənəvi dəyərlərə vətəndaşların münasibətinin sərgilənməsi baxımından referenduma bərabər hadisə olmaqla, həm də geosiyasi məzmun və əhəmiyyət kəsb edib. Seçkilərdə “Gürcü Arzusu”nun qələbəsi ölkənin perspektiv inkişafı və yol xəritəsi ilə bağlı məsələlərə aydınlıq gətirməklə, regionun geosiyasi konfiqurasiyası uğrunda mübarizəyə də ciddi təsir göstərəcək. Ölkədə və regionda hadisələrin sonrakı axarına Qərbyönümlü müxalifətin necə münasibət sərgiləyəcəyi ciddi əhəmiyyət kəsb edəcək. NATO, ATƏT, Aİ-nin ölkədəki diplomatik nümayəndəlikləri seçkilərin legitimlik və azad rəqabət şəraitində keçdiyini bəyan etsələr də, Gürcüstana münasibətin onun Qərbə inteqrasiya ilə bağlı mövqeyindən asılı olaraq müəyyənləşəcəyini bəyan ediblər. Gürcüstan prezidenti Salome Zurabişvili MSK-nin seçkilərlə bağlı yekun qərarını gözləmədən Qərbyönümlü müxalifətin seçkilərdə qalib gəldiyini elan edib. Müxalifət isə siyasi pərakəndəliyi aradan götürərək koalision hökumət formalaşdıra biləcəyinə ümidlərini itirmir. Bu isə, Qərbdən siqnal olacağı təqdirdə müxalifətin ölkəni qarışdırmaq, onu vətəndaş qarşıdurmasına sürükləmək üçün cəhdlər edəcəyini düşünməyə əsas verir. Bu seçkilərdə “Gürcü Arzusu”nun qələbəsi Cənubi Qafqazda Qərb və Qlobal Cənub arasında gedən geosiyasi mübarizəyə ciddi təsir göstərəcək. Qərbin regionda geosiyasi balansı artıq birmənalı şəkildə öz xeyrinə dəyişmək imkanları bu seçkilərdən sonra yetərincə məhdudlaşacaq. Bu faktor Qərbin dəstəyi ilə Ermənistanda hakimiyyətə gəlmiş Paşinyan iqtidarının da perspektiv durumuna təsirsiz ötüşməyəcək. Ermənistanın Gürcüstan üzərindən silahlandırılması xeyli çətinləşəcək. Onun Gürcüstan dəmir yolu ilə Avropa bazarlarına çıxış imkanları məhdudlaşacaq. Ukrayna ilə məlum savaşı öz xeyrinə adladıqdan sonra Rusiya Ermənistana təsir rıçaqlarının daha da artmasına nail olacaq. Məlum təzyiqlər Ermənistan iqtidarını regionun təhlükəsizlik problemlərinə Qərbin deyil, region dövlətlərinin maraqları prizmasından yanaşmağa sövq edəcək. Qərbin Ermənistana dəstək üçün imkanlarının məhdudlaşması Paşinyan iqtidarını konyunktur maraqları naminə güzəştlərə getməyə sövq edə bilər. Hər şey Gürcüstan hakimiyyətinin qarşıdakı günlər ərzində ölkədə sabitliyi və qanunçuluğu qorumaq, ictimai asayişin pozulmasına yol verməmək üçün siyasi iradə və qətiyyətindən asılı olacaq. Gürcüstanın formalaşacaq yeni hakimiyyətinin legitimliyinin Kollektiv Qərb tərəfindən tanınması təkcə ölkədə deyil, bütövlükdə regionda dayanıqlı sabitliyin bərqərar olmasına təsirini göstərəcək”.
Vidadi ORDAHALLI