Şoyqudan Qərbə S-500-lü mesaj - hücumları gücləndirəcəyik...
Rusiya müdafiə naziri Sergey Şoyqu Rusiya ordusunun Ukraynada irəliləyişini davam etdirdiyini və Donetsk vilayətinin Pervomayskoye, Boqdanovka, Novomihaylovka yaşayış məntəqələrini ələ keçirdiyini bildirib.
Şoyqu xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin yarım milyona yaxın əsgər itirdiyini iddia edib. “Kiyev rəhbərliyi NATO-nun hazırladığı əks-hücum prosesində hədəflərə çata bilmədi. Bizim əsgərlər Qərb silahlarının üstün olduğuna dair inamı alt-üst etdilər" - Şoyqu deyib.
ABŞ rəhbərliyinin Ukraynaya 61 milyard dollarlıq yardım etməyi planlaşdırdığına diqqət çəkən Şoyqu, bunun Ukrayna Silahlı Qüvvələrinin çökməsinin qarşısını almaq üçün edildiyini və bu məbləğin böyük hissəsinin ABŞ hərbi sənayesini maliyyələşdirəcəyini bildirib.
Nazir Şoyqu Rusiya hərbi sənayesi sahəsində fəaliyyət göstərən müəssisələrin istehsal gücünün və Rusiya ordusunun döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını bildirib: "Biz Rusiya Silahlı Qüvvələrinin strukturunu təkmilləşdirməyə, ABŞ və müttəfiqlərinin təhdidlərinə uyğun olaraq lazımi silah və hərbi texnikanın istehsalını artırmağa davam edəcəyik. Qərb silahlarının yerləşdirildiyi mərkəzlərə və sursatlara hücumları gücləndirəcəyik. Rusiya Silahlı Qüvvələri bütün hədəflərinə çatana qədər qarşıya qoyulan vəzifələri yerinə yetirməyə davam edəcək”.
Rusiya ordusunun müasir silahlarla təchizatının davam etdiyini bildirən Şoyqu, gələn il S-500 hava hücumundan müdafiə sistemlərinin ilk nümunələrinin, S-400, S-300B4, Buk-M3, Tor-M2U zenit-raket komplekslərinin və yeni nəsil radar stansiyalarının ordunun inventarına daxil ediləcəyini deyib.
TAHİR