Fermerlərin kredit faizlərinin bir hissəsini dövlət ödəyəcək...
Akif Nəsirli: “Yeni hazırlanan layihənin də sadə fermerə çatacağı şübhəlidir”
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA ) müvəkkil bankları fermerlər üçün yeni məhsul təqdim edəcək. Bunu AKİA-nın sədr müavini Mehman İsmayılov media nümayəndələrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni layihə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin xərcləri üçün ayrılan bir illik kreditlərin faiz xərcinin bir hissəsini dövlətin ödəməsini nəzərdə tutur: "Banklar öz vəsaitləri hesabına fermerlərin əməliyyat xərclərini qarşılamaq üçün kredit verəcək və kreditin faizini qismən dövlət qarşılayacaq. Bu layihə ilə bağlı şərtlər rəy üçün aidiyyəti qurumlara təqdim edilib. Yaxın zamanlarda layihənin təsdiq prosesi tamamlandıqdan sonra şərtlərlə bağlı ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, bundan əvvəl də dövlət proqramları çərçivəsində kənd təsərrüfatının müxtəlif sahələri üzrə subsidiyalar, müəyyən imtiyazlar ayrılıb. Amma zaman-zaman fermerlər bu imtiyazların yetərli olmadığını bildirirlər.
Maraqlıdır, kreditlərin bir hissəsinin dövlət tərəfindən ödənilməsi problemlərin həllində nə kimi rol oynayacaq?
“Bugünə kimi fermerlərə müxtəlif adda dəstək göstərilib, ancaq bu elə formada verilib ki, fermerə, sahibkara çətinliklə çatıb”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, iqtisadiyyatın müəyyən sahələrində sahibkarlara dəstək göstərilir. Kredit subsidiyasının səmərə verməsi üçün ölkədə şəffaflıq, dürüstlük yüksək səviyyədə olmalıdır: “İndi Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil bankları fermerlər üçün yeni məhsul təqdim edəcək. Kənd təsərrüfatı ilə məşğul olanlara kredit subsidiyası verilməsi nəzərdə tutulur. Bu günə kimi fermerlərə müxtəlif adda dəstək göstərilib. Ancaq bu ele formada verilib ki, fermer, sahibkara çətinliklə çatıb. Yeni hazırlanan layihənin də sadə fermerə çatacağı şübhəlidir. Hər zaman olduğu kimi hökumətə yaxın olanlar bu layihədən yararlana biləcək”.
Həmsöhbətimiz hesab edir ki, aqrar təsərrüfatla məşğul olanlara yardım sadə yolla verilməlidir. Ümumiyyətlə, kredit ayrılandan sonra fəaliyyətin daha düzgün qurulmasına nəzarət etmək lazımdır.
Günel CƏLİLOVA