Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək
Prezident İlham Əliyev “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası”nı təsdiq edib.
Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb, eləcə də bəzi fərmanlarında dəyişiklik edib.
Məsələn, Prezidentin 1 may 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də edilmiş dəyişikliklərə əsasən, Müdafiə Nazirliyi hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi üzrə Nazirlik aşağıdakı istifadə imkanlarına malikdir:
- maliyyə dəstəyi göstərilməsi üçün tələb olunan məlumatları almaq;
- maliyyə dəstəyi göstərilməsinə dair müvafiq qərar qəbul edildiyi gün bunu ipoteka krediti almaq istəyən şəxsə bildirmək;
- maliyyə dəstəyi göstərilməsi dayandırıldıqda, yaxud yenidən bərpa edildikdə İpoteka və Kredit Zəmanət Fonduna, eləcə də müvəkkil banka məlumat vermək;
- elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.