Dollara tələb çoxalsa da, manata təhlükə yoxdur...
Azərbaycan Mərkəzi Bankı tərəfindən fevralın 13-də keçirilmiş valyuta hərracında bankların tələbinin rekord həddə - 151,1 milyon ABŞ dollarına çatması bu mövzuya yenidən diqqəti artlırıb. Dollara tələbin belə sürətli artımına nəyin səbəb olması və bunun manatın məzənnsi üçün hansısa təhdid yaradıb-yaratmaması geniş müzakirə mövzusudur.
Məsələyə münasibət bildirən Mərkəzi Bankın məlumatına görə, tələbin artması mövsümi xarakter daşıyır: “Bu, əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə bağlıdır. 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55 %-də təklif tələbi üstələyib. Valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir”. Beləliklə, Mərkəzi Bank narahatçılığa əsas görmür. Lakin iqtisadçı Natiq Cəfərli bildirib ki, Mərkəzi Bankın açıqlaması standart cümlələrdən ibarətdir: “Doğurdan da indi büdcə layihələri həyata keçirilir. Büdcə açılan kimi bizdə yanvarın sonu fevralın əvvəli daha çox manat kütləsi daxil olur. Bu, artıq etirafdır ki, manat kütləsinin bir qismi valyutaya yönəlir. Valyuta alınaraq ölkədən çıxır. Yəni daha çox ölkəyə hansısa bir layhihələrin həyata keçirilməsi üçün avadanlıqların, maşınların, texniki vasitələrin alınmasına sərf olunur. Bu valyutaya olan tələbatı artır. Bir də Novruz bayramı öncəsi onsuz da bizdə yerli məhsullardan azalması ilə əlaqədar xarici valyutaya tələbat daha da artır. Bu da valyutaya olan tələbatı artırır”. İqtisadçının sözlərinə görə, Mərkəzi Bank cavab verməyə gecikib: “Çünki bir ajiotaj yaranıb. Bir neçə həftədir , hətta şayiələr də dolaşır ölkədə devalvasiya ilə bağlı, hansısa problemin yaranacağı ilə bağlı Mərkəzi Bank bu gözləntiləri idarə etməkdə gecikir. Vaxtı-vaxtında daha tez və daha inandırıcı açıqlamalar verməlidir. Mərkəzi Bankın zatən görəvlərindən budur. Bu açıqlamanın indi verilməsi də yaxşıdır. Amma ictimaiyyətə bu tipli məlumatlar veriləməlidir”. İqtisadçı deputat Vüqar Bayramov isə qeyd edi ki, rekord məbləğ satışı valyuta bazarında dollara tələbin artdığını bir daha təsdiq edir: “Valyutadəyişmə məntəqələrində manatın mövcud məzənnəsi dollara tələbin kəskin artmasından xəbər verir. Rəsmi məzənnənin stabil qalmasına baxmayaraq, aktiv valyutadəyişmə məntəqələri dolların satış deyil, alış kursunu manata nisbətən 1.70 müəyyənləşdiriblər. Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən, Azərbaycanın valyuta bazarında volatillik artıb. Bununla belə, aparılan təhlillər göstərir ki, tələbin artması yalnız psixoloji faktorlar ilə bağlı deyil”. Digər ekspert Əkrəm Həsənov artımın bankların müştərilərinin dollara olan tələbinin artması ilə izah edib: “Bankların hərracda hansı məbləğdə pul tələb edəcəyini öncədən heç vaxt müəyyən etmək olmur. Bu onu göstərir ki, bankların müştərilərində tələbat çoxalıb. Belə başa düşmək olar ki, ilin əvvəli sahibkarların biznesində aktivlik artır. Sahibkarlara xarici valyuta, yəni dollar lazımdır. Lakin bu uzunmüddətli tendensiya deyil. Biz əgər ötən ilə baxsaq, təxminən eyni dərəcədə tələbat gah artıb, gah da düşüb. Bu da bankların tələbatına bağlı olan bir şeydir. Ona görə bunu devalivasiya ilə əlaqələndirmək düzgün olmaz”. Ekspert yalnız dollar tələbinin stabil artımı zamanı devalivasiya risqinin ola biləcəyini deyib: “Devalivasiya o zaman baş verə bilər ki, bankların Mərkəzi Bankdan tələb etdikləri dolların məbləği artan tendensiya ilə davam etsin. Bu tendensiya isə dəyişkən formada davam edir. Hər bir halda Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir. Hazırda devalivasiya təhlükəsi yoxdur”.
Qeyd edək ki, Azərbaycan böyük həcmdə valyuta ehiyatlarına malikdir. Bu məsəsləyə inaqurasuiya məsəsləsində president İlham Əliyev də toxunub: “Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Yəni, bu, nəyi göstərir? Bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq”. Onu da qeyd edək ki, ölkədə bütün iqtisadi parametrlər, büdcə, xərcləmələr və gəlirlər 1 manat 70 qəpiklə hesablanıb. Deməli, hökumət də manatın ucuzlaşmasına imkan vermək niyyətində deyil. Həm də neft və qaz satışından yenə ölkəyə böyük həcmdə valyuta daxil olur. Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Daha çox enerji gəlirlərimizin artması səbəbindən Azərbaycanın tədiyyə balansında müsbət saldo davam edir. Valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşməkdə davam etməkdədir. Mərkəzi Bank ötən il ərzində bazardan dollar yığıb ki, manat bahalaşmasın. Nəticə etibarilə Mərkəzi Bankın ehtiyatları artıb. Ölkədəki maliyyə siyasətinin və valyuta idarəetmə sisteminin investorlara və ticarət tərəfdaşlarına güvən verməsi, hərraclarda dollara tələbin formalaşmasında az rol oynamır. Bütün bunlar fonunda dollar-manat məzənnəsində tarazılıq bundan sonra da qorunmaqda davam edəcək.
Ramil QULİYEV