İtkinlərimizin xatirinə cinayətkar erməni səhra komandirləri ilə əməkdaşlıq edəcəyik...
İbrahim Rüstəmli: “İtkin düşmüş vətəndaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə cinayətkar səhra komandirlərinin cəlb edilməsi məsələsi Azərbaycanın zəifliyi deyil...”
“...Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış və 01.01.2024-cü il tarixə olan məlumata əsasən onlardan yalnız 25 nəfərinin qalıqları eyniləşdirilmişdir”.
Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) yaydığı məlumatda bildirilib.
Qeyd olunana görə, Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat edir. “Belə ki, 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş həmin 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasındakı və vaxtilə işğal altında olmuş Azərbaycan Respublikasının ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olmuşlar. Lakin sonradan onlardan 17 nəfərinin meyiti Azərbaycana təhvil verilmiş, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmamış, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmamışdır.
Eyni zamanda, Dövlət Komissiyası itkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə kütləvi məzarlıqların yerləri barədə kifayət qədər məlumatlara malik və 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və digər səlahiyyətli şəxslərin cəlb edilməsini zəruri hesab edir.
Dövlət Komissiyası olaraq, hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik” - deyə məlumatda bildirilir.
Ermənilərin səhra komandirləri, səlahiyyətli şəxsləri bu prosesə qoşula bilərmi?
“Buna çox yüksək səviyyədə düşünülmüş addım kimi yanaşıram, dəyərləndirirəm”
Məsələyə şərh verən hərbi ekspert İbraihim Rüstəmli “Bakı-Xəbər”ə şərhində “Məsələ bundan ibarətdir ki, Azərbaycan dövləti vəziyyəti gərginləşdirmək yox, sülh ab-havası yaratmaq məqsədilə çoxlu addımlar atır. Çünki özünün ən böyük hədəflərinə artıq çatıb. Qarşıda onun bir neçə ciddi hədəfi də var. Bu hədəflərə nail olmaq üçün Azərbaycan. həmişə olduğu kimi, sülh mövqeyindən çıxış etməlidir. Bu çox zəruridir. Yəni Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb. 44 günlük Vətən savaşı da aniterror əməliyyatı kimi başlanıldı və bu əməliyyat nəticəsində biz torpaqlarımızın yarı bir qismini döyüş, yarı qismini isə sülh yolu ilə aldıq. İndi vəziyyət belədir ki, bu 30 il ərzində xeyli itkilərə məruz qalmışıq və itkin düşən vətəndaşlarımızın axtarılıb tapılması, öz doğmalarına qaytarılması günün əsas məsələlərindən biridir. Çünki ola bilməz ki, insan izsiz-tozsuz yox olsun. Bu mənada əgər ehtiyac varsa, vurğulandığı kimi, cinayətkar erməni səhra komandirləri ilə əməkdaşlığı da məqbul sayıram. Ona görə ki, Azərbaycan dövləti itkin düşmüş vətəndaşları barədə çox ciddi narahatlıq hissi keçirir. İtkin düşən vətəndaşlarımız barədə dəqiq məlumatların əldə edilməsi bir vətəndaş kimi bizi də ciddi şəkildə düşündürür. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı dəfələrlə öz çıxışlarında hələ də “dəmir yumruğ”un göydə qaldığını və “ermənilər dəmir yumruğu yaddan çıxarmamalıdır” fikrini bəyan edib”-deyə bildirdi.
İ.Rüstəmli qeyd etdi ki, biz bununla paralel olaraq sülh mövzusunda da çox ciddi diskussiyalara, tədbirlərə imza atırıq. O vurğuladı ki, ermənilər hər cür vasitələrlə Azərbaycana qarşı dezinformasiyalar, erməni əhalinin “öz ev-eşiyindən qovulması” kimi həqiqətə uyğun olmayan məlumatlar yayır və bundan öz məqsədləri naminə istifadə edirlər. “Eyni zamanda bu proseslərdə Fransa, Amerika kimi bir sıra dövlətlər iştirak edir. Onların da əsas məqsədi Cənubi Qafqazdakı sülh və əminamanlığın kökünü kəsməkdir. Bilirsiz ki, biz sonuncu antiterror tədbirlərini həyata keçirməzdən əvvəl Fransa çox böyük planla Cənubi Qafqaza soxulmaq istəyirdi. Bu, 500 nəfərlik fransızın Qarabağda, Xankəndidə yerləşdirilməsi planı idi. Onların böyük əksəriyyəti Fransa xüsusi xidmət orqanlarının, xüsusi təyinatlıların nümayəndəsi idi. Əgər onlar bura gəlsəydi çox ciddi problemlər yaşanacaqdı. Azərbaycan dövləti müdrik və qabaqlayıcı addımları ilə bunun qarşısını aldı. Dediyim kimi, biz böyük hədəflərimizə nail olmuşuq. Hazırda əsas məsələ bir tərəfdən ərazilərimizin minalardan təmizlənməsi, onların yaşayış üçün yararlı vəziyyətə gətirilməsi, bununla bağlı minaların basdırıldığı ərazilərin xəritələrini ermənilərdən tələb olunmasıdırsa, digər məsələ Birinci Qarabağ müharibəsi dövründə itkin düşən vətəndaşlarımızın taleyidir ki, Azərbaycan dövləti də həqiqətən buna çox həssaslıqla yanaşır. Mən bunu alqışlayıram”-deyə ekspert bildirdi.
İtkin düşən vətəndaşlarla bağlı mövzunun həddən artıq ağır olduğunu deyən İ.Rüstəmli bildirdi ki, vətəndaşlarımız naminə Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və digər səlahiyyətli şəxslərin onların axtarışlarına cəlb edilməsi niyyəti Azərbaycanın zəifliyindən irəli gəlmir. O vurğuladı ki, həmin cinayətkar səhra komandirləri vətəndaşlarımızın dəfn yerlərini bilirlər, bu səbəbdən də onların axtarış prosesinə cəlb edilməsi vacib hal kimi ortaya çıxıb. “İtkin düşmüş vətəndaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə cinayətkar səhra komandirlərinin cəlb edilməsi məsələsi Azərbaycanın zəifliyi deyil, bu bir hümanizm, insanlıq, sülh nümunəsidir. Azərbaycan dəfələrlə bəyan edib ki, biz Cənubi Qafqazda yeni bir münaqişə ocağının yaranmasını istəmirik...”-deyə İ.Rüstəmli qeyd etdi.
O, həmçinin bildirdi ki, Ermənistan ərazisində binoklla gəzən Aİ missiyasının nümayəndələri də var, onların da əsas məqsədi Azərbaycan tərəfindən Cənubi Qafqazda yaradılmış yeni geosiyasi reallığı pozmaq və Cənubi Qafqazı öz monopoliyası altına almaqdır...
“Bir sözlə, mən bu məsələyə humanizm, insanlıq baxıpmından, siyasi, hətta hərbi baxımdan müsbət baxıram. Buna çox yüksək səviyyədə düşünülmüş addım kimi yanaşıram, dəyərləndirirəm. Hər bir Azərbaycan insanının həyatı bizim üçün dəyərlidir. 30 il ərzində itkin düşmüş minlərlə insanımız var ki, onların taleyi barədə məlumat ortaya çıxamalıdır. Çıxacaq da. Mən hələ prosesin əvvəlində, bəzi yerlərdə lokal şəkildə məzarlıqlar aşkar ediləndə bildirmişdim ki, bu məzarlıqların sayı çox olacaq, belə məzarlıqlar illərlə tapılacaq. Bunun da arxasında Azərbaycan insanı dayanır. Orada insanlığa sığmayan şəraitdə dəfn olunan insanların cəsədlərinin geri qaytarılması, el qaydası ilə, layiqli şəkildə torpağa tapşırılması çox önəmlidir. Bu məsələ doğrudan da çox ciddi məsələdir. Tanıdığım onlarla, yüzlərlə insan var ki, hələ də öz doğmasının yolunu gözləyir. Onların ata-anaları, qardaşları, bacıları, övladları, doğmaları itkin düşüb. Hesab edirəm ki, bu itkin düşən insanların sümüklərinin də olsa geri qaytarılması onlar üçün nə qədər əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsünü çox yüksək dəyərləndirirəm. Azərbaycan tərəfin bu müstəvidə cinayətkar ermənilərlə əlaqəyə girməsi onun hərbi zəifliyi, siyasi zəifliyi deyil. Əksinə, o insanların üzə çıxması Azərbaycan üçün Ermənistana qarşı növbəti bir arqument olacaq. Özü də çox ciddi arqument”-deyə qeyd edən İ.Rüstəmlinin sözlərinə görə, bu arqumentləri də biz istər regionda, istərsə də dünya miqyasında bütün beynəlxalq aləmə çatdıra bilərik, bununla da ermənilərin iç üzünü olduğu kimi göstərmək imklanı qazanarıq.
İradə SARIYEVA