Seçkilərdən sonra icra hakimiyyətləri ləğv olunacaq, Nazirlər Kabineti islah ediləcək...
İlqar Hüseynli: “Düşünürəm ki, yerlərdə bu qədər icra strukturlarının saxlanmasına o qədər ehtiyac yoxdur”
Azərbaycanda adətən hər prezident seçkisindən sonra hökumətin tərkibində dəyişikliklər edilir və digər məsələlər müəyyən qədər öz həllini tapmış olur.
Deyirlər ki, qarşıdakı növbədənkənar prezident seçkilərindən sonra da bir sıra dəyişikliklər həyata keçirilməlidir. İşğaldan azad edilmiş bölgələrimizdə ilk dəfə xüsusi nümayəndəlik təsis edildi. Prezident də ADA Universitetində keçirilən konfranslardan birində sözügedən idarəçilik sisteminin özünü doğrultduğunu qeyd edib. Bu səbəbdən seçkilərdən sonra digər bölgələrimizdə də eyni idarəçilik sisteminin tətbiq olunması mümkün variantlar arasında ola bilərmi? Deyilir ki, Nazirlər Kabinetinin strukturuna da yenidən baxıla bilər. Çünki ölkəmizdə həm Nazirlər Kabineti, həm də Vitse-prezident institutu var. Seçkilərdən sonra bu yeniliklərin tətbiqi mümkündürmü?
Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Ilqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün müzakirələrdə çağırışlar var: “Amma hələ ki, onun arxasınca hansı praktik addımlar atılıb, o proses bir az zəif fonda gedir. Xatırlayırsızsa, dəfələrlə belə fikirlər bildirmişik ki, biz yeni idarəetmə sistemini genişləndirməliyik. İcra hakimiyyəti qurumlarının valiliklər və nümayəndəliklər şəklində müəyyən əraziləri birləşdirərək idarə olunması nəzərdə tutularsa, bu da xeyli səmərəli hesab oluna bilər. Orada yersiz icra hakimiyyəti strukturlarına ayrılan büdcə vəsaitlərini nəzarətdə olan, xalq tərəfindən seçilmiş strukturu olan yerli idarəetmənin imkanlarına yönəltsək, həm sosial problemlərin inkişafına, həm də nisbətən keyfiyyətli xidmətin göstərilməsinə gətirib çıxara bilər. Düşünürəm ki, yerlərdə bu qədər icra strukturlarının saxlanmasına o qədər ehtiyac yoxdur. Prezidentin nümayəndəlikləri yaradıldığı halda, bu ərazilərdə Prezidentin nəzarət sistemi qurulacaq. Bu mənada düşünürəm ki, belə islahatlara ehtiyac var. Nazirlər Kabinetinin səlahiyyətlərinə gəldikdə isə, bu kabinet elə bir xüsusi iş görmür. Nazirlər Kabineti sanki Azərbaycanda bir kalkulyator rolunu oynayır. Bu baxımdan götürsək, mümkündür ki, Prezident seçkilərindən sonra dövlətin idarəetmə sistemində də yeniliklər tədbiq olunsun. Amma bunun Azərbaycana nə qədər faydası olacaq, onu zamanla görəcəyik. Kadrların seçimindən, vicdanla işlərini görmələrindən çox şey asılıdır. Əgər kadr vicdanlıdırsa, ən zəif sistemlə belə elə bir dövlət qurmaq olar ki, işlər mexanizmi güclənməkdə davam edər. Bu mənada bu məsələlərlə paralel vicdanlı, ləyaqətli kadrların prosesə cəlb olunması, korrupsiyanın aradan qaldırılması çox önəmli faktordur”.
Bir müddətdir ki, Azərbaycanda yeni idarəetmə modelinə keçiləcəyi və rayon icra hakimiyyətlərinin ləğv ediləcəyi barədə səslənən ehtimallar və proqnozları Prezident İlham Əliyev təsdiqləyib. Bu barədə Prezident İlham Əliyev bir müddət əvvəl yerli televiziyalara müsahibəsində deyib. Prezident bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq, o cümlədən idarəetmə mexanizmi:
“İndi biz yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb. Yəni bu təcrübəni biz sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik”.
Məhəmmədəli QƏRİBLİ