Zəngəzur dəhlizinin açılışına bu nə hazırlıqdır...
“Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə qardaş Azərbaycanla ölkəmiz arasında güclü infrastruktur əlaqəsi yaranacaq”. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Nazir Zəngəzur dəhlizinin strateji əhəmiyyətli olduğunu xüsusi vurğulayıb: "Qardaş Azərbaycanla ölkəmiz arasında güclü infrastruktur əlaqəsinin yaranacağı bu dəhlizlə birbaşa əlaqə təmin ediləcək. Bu dəhliz vasitəsilə həm Azərbaycan, həm türk respublikaları ilə, həm də uzaq Şərqlə birbaşa əlaqə təmin olunacaq”. Qeyd edək ki, Türkiyə dəmir yolu xətlərini Zəngəzur dəhlizinə qədər genişləndirir. Ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, dəmiryolu şəbəkəsi 13 min 919 kilometrdən 17 min 11 kilometrədək genişləndiriləcək. Bununla bağlı layihələr tamamlanmaq üzrədir. Həmçinin, 2 min 452 kilometrlik yeni xətlər üçün yol xəritəsi də artıq müəyyənləşib. Ümumi layihələr sırasında Qars-Iğdır-Aralık-Dilucu (Zəngəzur) dəmiryolu xətti strateji baxımdan əhəmiyyət kəsb edir. Xəttin uzunluğu 224 kilometr olacaq. Marşrut üzrə 5 stansiyanın quraşdırılması planlaşdırılır. Xətdə il ərzində 5,5 milyon sərnişin və 2 milyon ton yük daşınması planlaşdırılıb. Erməni mediası yazır ki, bütün bunlar Zəngəzur dəhlzinin açılacağının qaçılmaz olduğunu göstərir. Ermənistanın “Hayeli” nəşri bu xüsusda qeyd edir: “Xəbər lenti müxtəlif “alqış”larla doludur. Vaşinqtondan Moskvaya, Moskvadan Brüsselə qədər hər yerdən Ermənistan və Azərbaycanı əsirlərin mübadiləsinə, sülh müqaviləsinin bağlanmasının mümkünlüyünə və bu kimi hadisələrə, onların perspektivlərinə görə alqışlayan alqış var”. Nəşr qeyd edib ki, hamı sevinir, xoşbəxtdir, yolka ucalır, işıqlar yanır: “Lakin bu əhatəli “alqışlar” elədir ki, ikinci prezident Robert Köçəryanın analoji münasibətlə etdiyi müşahidəni xatırladır. Köçəryan bildirirdi ki, dəfn zamanı heç kim mərhuma sağlamlıq arzulamır. Praktikada birtərəfli variant müzakirə olunur və nəzərdən keçirilir: Ermənistan vasitəsilə Azərbaycan-Türkiyə əlaqəsi. Yeri gəlmişkən, qeyd edək ki, bəzilərinin həyəcanlandırdığı Ermənistan-Türkiyə sərhədinin açılması yalnız bir məna kəsb edəcək: artığını deməsək, Ermənistanın istehsalı və iqtisadi zəifləməsi”. Elə erməni politoloq Qarik Keryan da qeyd edir ki, dəhliz mütləq açılacaq: “Bundan başqa, Bakı azərbaycanlı qaçqınların Ermənistana qaytarılmasında israrlıdır. Qarabağda ermənilərin yaşadığı evlərin qorunması, infrastrukturun saxlanılması buna hesablanıb. Azərbaycan bununla ermənilərin geri qayıtmasına şərait yaratdığını göstərir və azərbaycanlıların da Qərbi Azərbaycana qayıtması hüququna malik olduğunu irəli sürür”. Keryan bildirir ki, azərbaycanlıların müəyyən bir qisminin Ermənistana qayıtması təmin edilə bilər: “Daha sonra müəyyən xoşagəlməz hadisələr baş verərsə, azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsi məsələsini irəli sürəcəklər. Bunun üçün beynəlxalq müşahidəçilərə ehtiyac var. Türkiyə dərhal prosesə qoşulacaq. Yəni azərbaycanlılar kütləvi şəkildə geri qayıdıb müdafiəsiz yaşamayacaqlar. Əliyev bütün bunları çox məharətlə addım-addım planlaşdırıb”. Keryanın fikrincə, azərbaycanlılar sərhəd bölgələrinə - Qafana, Zəngəzurun, Basarkeçərin bir hissəsinə köçərsə, sonradan bu ərazilərin Ermənistandan ayrılmasına və Azərbaycana birləşməsinə zəmin yarana bilər. O hesab edir ki, Azərbaycan-Ermənistan sülh danışıqları Rusiya-Ukrayna müharibəsi başa çatana qədər uzana bilər: “Bundan sonra regionda güc balansı müəyyənləşəcək və daha çox təsir rıçaqlarına malik olan tərəf diktə edəcək, digərləri həmin şərtlərlə imza almalı olacaq. Hətta Qərbin şərtləri ilə indi nəsə imzalasaq belə, üç ay sonra Rusiya ayağa qalxsa və bölgəyə qayıtsa, bu razılaşmalar kənara atılacaq”. Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı vasitəçilik ətrafında gedən geosiyasi mübarizə haqqında danışan Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar da proseslərin Zəngəzur dəhlzinin açılması ilə nəticələnəcəyini bildirib. O, bu xüsusda açıqlamasında qeyd edib: “Hazırda Ermənistan və Azərbaycan arasındakı vasitəçilik məsələsində də geosiyasi rəqabət var. Çünki Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin doğuracağı nəticələr gələcəyə və beynəlxalq sistemin yenidən qurulacaq arxitekturasına öz təsirini göstərəcək. Məsələ yalnız Türkiyə ilə Azərbaycan üçün yox, eyni zamanda ABŞ, Aİ, Rusiya, Çin və İran üçün də son dərəcə həssasdır. Bütün bunlar fonunda imzalanacaq sülh müqaviləsi və Zəngəzur dəhlizi üzərində çox böyük bir siyasi mübarizə var. Zəngəzur Orta Dəhlizin əsas hissəsidir və onun açarını əldə etmək üçün mübarizə gedir. Burada belə bir sual ortaya çıxır: Ermənistan kimin proksi dövləti olacaq? Türkiyə və Azərbaycan Ermənistana müharibənin nəticələrinin doğurduğu haqları və verilən sözləri özündə birləşdirən sülh müqaviləsi təklif edir. Belə ədalətli sülh müqaviləsinin Ermənistanın özünə də faydası var. Əks halda isə imzalanacaq sülh müqaviləsi İrəvanı boğacaq. Özləri də bunu çox yaxşı bilirlər. Ancaq ölkənin çox böyük asılılığı var və indiki məqamda Rusiyanı ciddi şəkildə narahat edəcək formada üzlərini Atlantika alyansına çeviriblər. Burada da Rusiya və Atlantika alyansı arasında çəkişmənin olduğunu görürük. Türkiyə isə bütün hallarda Azərbaycanın haqlarının, milli təhlükəsizlik maraqlarının öz əksini tapdığı sülh müqaviləsinin imzalanmasına tərəfdar olduğunu ifadə edir. Rəsmi İrəvanın Ankara ilə münasibətlərini normallaşdırmasının yolu Bakıdan keçir. Digər halda isə Ermənistana yol verilməyəcək. Bir maraqlı faktı xatırlatmaq istəyirəm: ABŞ Yaxın Şərq üçün “əhəmiyyətli”, Mərkəzi Asiya üçün isə “strateji” ifadəsini işlədir. Yuxarıda da qeyd etdiyim kimi, əsas mübarizə dəhlizin açarı uğrunda gedir. Çünki həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizi bizim coğrafiyamızdan keçir. Hər kəs gedən mübarizənin öz mənfəətlərinə, hesablarına uyğun şəkildə bitməsini istəyir. Böyük rəsmi isə həm Ukrayna, həm Qəzzada gedən müharibəni, həm də Qarabağda son aparılan lokal antiterror tədbirlərini birləşdirməklə oxumaq və görmək mümkündür”.
Ramil QULİYEV