Tolstoy erməni deputatları belə aşağıladı – “yalvarırdınız, indi səsiniz çıxmır...”
Məhəmməd Əsədullazadə: “Ermənistana qarşı Rusiyanın siyasi və iqtisadi hücuma keçəcəyi gözlənilir”
Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy “Rusiya-Ermənistan” ictimai forumunda çıxışı zamanı Ermənistanın Rusiyadan uzaqlaşmasının zərərli tərəfləri barədə xəbərdarlıq edib:
“Keçmiş SSRİ ərazisində Amerika səfirliyinin 2500-dən çox nümayəndəsi erməni gənclərinə, cəmiyyətinə Ermənistanın Rusiyasız yaşaya biləcəyi barədə təbliğat aparır”.
Tolstoy Ermənistanı bəzi postsovet ölkələrinin səhvlərini təkrarlamamağa çağırıb: “Qarabağda sonuncu müharibə gedəndə, kabinetimdə Ermənistan parlamentinin deputatları göz yaşları axıdırdılar, deyirdilər: “Zəhmət olmasa zəng edin, Rusiya prezidentinə müraciət edin, müharibəni dayandırın, erməni xalqının sonudur”. Bu gün isə həmin deputatlar gözə dəymir, ümumiyyətlə yoxa çıxıblar. Həmin deputatlara və ermənilərə səslənirəm ki, sizi ölümdən məhz Putin xilas etdi, qanlı müharibəni o dayandırdı”.
“Çox güman ki, parlamentin revanşist qanadı təmsil edən deputatları Tolstoya yalvarıb”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya Ermənistana yönəlik təzyiqləri artırır: “Ermənistan hakimiyyəti Qərbə doğru reveranslar etdikcə, Moskvanın Paşinyan hakimiyyətinə təzyiqləri artır. Ancaq biz görürük ki, Moskva yenə də Qarabağ amilindən istifadə etməyə çalışır. Rusiya rəsmiləri hələ də Qarabağın Azərbaycanın tam nəzarətinə keçməsini qəbul etmir. Ermənistan hakimiyyətini Rusiyadan uzaqlaşaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqda günahlandırır. Qeyd etdiyim kimi, Ermənistan hakimiyyətinin Qərbpərəst siyasəti Kremldə narahatlıq doğurur. Bu gün Ermənistanda kifayət qədər güclü şəkildə anti-Rusiya siyasəti davam edir. Üstəlik, erməni cəmiyyətinin ovqatı Rusiyaya qarşıdır. Bu, təkcə Paşinyan hakimiyyətinin yeritdiyi siyasətlə bağlı olan məsələ deyil. Ölkənin Rusiyanın moderator olduğu təşkilatlardan çıxması istiqamətində addımlar atılacağı gözlənilir. Məhz Rusiya rəsmiləri bunu Ermənistanın xəyanəti kimi dəyərləndirir. Rusiya təmsilçiləri məhz erməniləri uzun illər qoruduğu və onlara dövlət yaratdığı kimi tezisləri ortaya qoyublar. Ermənistana qarşı Rusiyanın siyasi və iqtisadi hücuma keçəcəyi gözlənilir. Çünki indidən Rusiya rəsmiləri Ermənistana bu yöndə mesajlar verirlər. Bu baxımdan vəziyyət mürəkkəb olaraq qalır və ikitərəfli münasibətlərin qırılması gözlənilir. Çox güman ki, Ermənistan parlamentinin revanşist qanadı təmsil edən deputatları Tolstoya yalvarıb”.
Vidadi ORDAHALLI