Bakıda COP29 fransızları niyə "qarın ağrısına" salıb?..
“Azərbaycanın bütün uğurları, o cümlədən də 2024-cü ildə COP29-a ev sahibliyi edəcəyi Fransanı, fransız siyasətçiləri ciddi narahat edir”
Fransalı siyasətçilərin Azərbaycana qarşı düşmən münasibəti günü-gündən daha iyrənc şəkil alır. Ölkəmizin COP29-a ev sahibliyi etməsi məsələsi isə onların rahatlığını tamamilə əllərindən alıb. Paris meri, həmişəki kimi, yenə də öz çirkin oynunu oynayır.
Belə ki, Paris meri Ann Hidalqo və bir sıra digər fransız siyasətçiləri BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) 2024-cü ildə Bakıda keçirilməsinə qarşı çıxıblar. Bu barədə “La Tribune” qəzeti yazıb.
Fransa mediası da fransız siyasətçiləri kimi ənənəvi qərəzindən əl çəkmək istəmir, günü-gündən dozanı daha da artırır. Azərbaycana qarşı düşmən münasibət sərgiləyən qəzet bu xəbəri “Bakıda COP29: utanc və şərəfsizlik görüşü” başlığı ilə dərc edib. Nəşrdə bildirilib ki, Azərbaycan dekabrın 11-də COP29-a ev sahibi kimi seçilib. Qəzet vurğulayır ki, “qalıq yanacaqlardan imtina edərək qlobal istiləşmə ilə mübarizə aparan ölkələr və icmalar üçün bu çox pis xəbərdir, çünki Azərbaycan iqtisadiyyatının 90%-i neft və qazdan asılıdır”.
Hidalqodan başqa, BMT-nin iqlim konfransının Azərbaycanda keçirilməsinə qarşı birgə məktubu Fransa Senatındakı Respublikaçılar fraksiyasının rəhbəri Bruno Retayo, Hauts-de-France regionu Şurasının prezidenti Ksavye Bertran, baş nazir Ksavye Bertrand imzalayıb. Antiazərbaycan mövqeyi tutan qəzet qeyd edir ki, məlum kağız parşasına həmçinin Lle-de-France bölgəsinin Valeri Pecresse, Occitanie Regional Şurasının sədri Karol Delqas, Marsel merinin birinci müavini Mişel Rubirola, Montpellier meri Michael Delafosse və Strasburq meri Jeanne Barseghian imza atıb.
COP29-un Azərbaycanın ev sahibliyi ilə keçirilməsi fransız siyasətçiləri nə üçün narahat edir?
“Bütün hallarda Fransanın cəhdləri heç bir nəticə verməyəcək, əvvəlcədən iflasa məhkumdur”
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Bakı-Xəbər”ə bildirdi ki, bizim uğurlarımız Fransanı, fransız siyasətçilərini, şəhər merlərini narahat edə bilməz. “Çünki Fransa kimi ölkələr Azərbaycanın keçmiş münaqişəsinin həllini gözləmirdi, onların planlarında belə bir səhifə yox idi. Onlar düşünürdülər ki, keçmiş Qarabağ münaqişəsi sonsuza qədər davam edəcək. Bu yolla onlar həm Azərbaycanda, həm də Cənubi Qafqazda baş verən proseslərə istədikləri formada, istədikləri zaman müdaxilə edə bilərlər. Amma günlərin birində biz onların o məkrli planlarını pozduq, onların vasitəçilik mandatı ilə həll olunmalı olan münaqişəni öz gücümüzə həll etdik. Bu, Fransanın ovqatını təlx edib, onu ciddi şəkildə narahat edir. Eyni zamanda bundan sonra onlar havadarlıq etdikləri Ermənistana heç bir dəstək göstərə bilmirlər. Təsəvvür edin, onlar bütün platformalardan, bütün imkanlarından, rıçaq və resurslarından istifadə edirlər, amma Azərbaycana qarşı Ermənistanın maraqlarına uyğun heç bir addım ata bilmədilər. Təbii ki, bu da onları ciddi şəkildə narahat edir”-deyə bildirən X.Bəşirov qeyd etdi ki, İkinci Qarabağ müharibəsi dövründə Fransa prezidenti E.Makronun hansı bəyanatlar verdiyi, hansı fikirlər səsləndirdiyi, hansı addımlar atdığı, nələrə cəhd göstərdiyini biz də, bütün dünya da izlədi. “Makron dünya dövlətlərinə Azərbaycanın bu addımlarının beynəlxalq hüquqa “zidd” olması ilə bağlı çağırışlar edirdi. Amma heç nəyə nail ola bilmədi. Bundan sonra artıq onlar Ermənistana dəstək göstərmək üçün əllərində olan bütün imkanlardan istifadə etməyə cəhd göstərirlər. 2020-ci ilin dekabrında Azərbaycana qarşı qətnamə qəbul etməyə cəhd göstərdilər. Növbəti il Azərbaycanda keçiriləcək COP29-la bağlı narahatlığını dilə gətirən Paris meriyasında belə keçən dövrdə Azərbaycana qarşı sənəd qəbul etdilər. Bundan sonra Fransanın hər iki parlamentində Azərbaycan əleyhinə qətnamə qəbul edildi. Bunlar Fransanın daxilində baş verənlərdir. Bundan sonra BMT Təhlükəsizlik Şurasında iki dəfə Azərbaycana qarşı qətnamə qəbul olunmasına cəhd göstərdilər. Avropa Parlamentində antiazərbayan qətnamənin qəbul edilməsinə çalışdılar. Hətta Frankfoniya kimi humanitar təşkilatda Azərbaycan əleyhinə qətnamə qəbul edilməsinə nail olmağa cəhd göstərildi. Yəni bütün bu addımları atan Fransa dövləti Azərbaycanın uğurlarını həzm edə bilmir. Azərbaycan Cənubi Qafqazda yeni bir reallıq formalaşdırıb, özünün ərazilərinin işğalına son qoyub, öz ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, suverenliyini təmin edib və bundan sonra Azərbaycanın beynəlxalq aləmdə nüfuzu nəinki yerə düşüb, Fransa və onun kimi ermənipərəst dövlətlərin apardıqları kampaniyalara baxmayaraq Azərbaycanın, onun Prezidneti İlham Əliyevin nüfuzu günü-gündən artmaqdadır. Avropa İttifaqına üzv olan dövlətlərlə, Qərb ölkələri, eləcə də dünyanın ayrı-ayrı dövlətləri, ayrı-ayrı regionları, Mərkəzi Asiya, Afrika, Yaxın Şərq və sairlə bizim münasibətlərimiz Fransanın cəhdlərinə zidd olaraq daha da yüksəlib, inkişaf edir. Azərbaycanın bütün uğurları, o cümlədən də 2024-cü ildə COP29-a ev sahibliyi edəcəyi Fransanı, fransız siyasətçiləri ciddi narahat edir.
Burada bir məsələ də var. Fransanın Azərbaycana Qarabağdan könüllü getmiş 15 – 20 min erməniyə görə “insan hüquqlarından”, “haqq və ədalətdən” dərs keçməsinə cavab olaraq dövlətimiz bu ölkənin özünün beynəlxalq hüququn bütün qaydalarını pozması ilə bağlı məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Fransanın soyqırım, ayrı-ayrı dövlətlərə təcavüz cinayətləri, xalqların müstəqilliyinin boğulması ilə bağlı faktlar, milyonlarla insanın qanına qəltan edilməsi, onların məhv olunması, eləcə də bu gün də müstəmləkəçilik siyasətinə qarşı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi atdığı addımları qeyd etmək olar. Bakı Təşəbbüs Qrupunun yaradadılması və bu qrupun Fransanın müstəmləkəçilik cinayətlərinə görə həmin o müstəmləkə siyasətinə tuş gələn dövlətlərdən və xalqlardan üzr istəməsi ilə bağlı prosesin reallaşdırılması istiqamətində atdığı addımlar var. Bu gün Bakı Təşəbbüs Qrupu çox aktiv şəkildə fəaliyyət göstərir. Təbii ki, bütün bu məqamlar Fransanı ciddi şəkildə narahat edir. Amma hər bir halda COP dünyada çox nüfuzlu tədbirlədən biridir. Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı çox ciddi proseslər gedir. İqlim dəyişikliyi ilə bağlı çərçivə konvensiyasına tərəfdar dövlətlərin artıq 29-cu iclası keçiriləcək. Bu təşkilat Fransada yaranıb. Rəsmi Parisin yaratdığı, lakin iştirak etmədiyi 28-ci iclasda Azərbaycan çox aktiv şəkildə iştirak etdi. Dubayda keçirilən COP28-də Azərbaycanın iştirakı, Prezident İlham Əliyevin çox yüksək səviyyəli görüşlər keçirməsi, orada Azərbaycanla Səudiyyə Ərəbistanı, BƏƏ və Avstraliya arasında sənədlərin imzalanması və bir sıra digər ciddi addımların atılması, təbii ki, Fransa tərəfini ciddi şəkildə narahat edir. Fransa düşünür ki, Azərbaycan Ermənistan üzərində qələbə çalmaqla özünün qələbəsini bu gün beynəlxalq aləmdə rahat şəkildə qəbul etdirir, təsdiqlədir. Əslində isə bu heç də rahat şəkildə baş vermir, Azərbaycan bu istiqmaətdə çox düzgün, çox məntiqli və ardıcıl praqmatik siyasət və doğru diplomatiya yürüdür. Bu da Fransa kimi dövlətlərin narahatlığına səbəb olur. Bu gün dünyadakı iqlim dəyişikliyinin mənfi meyllərindən olan Fransa tərəfi həmin o iclaslarda iştirak etmir, kənardan baxır. Amma dünyanın iqlim dəyişikliklərinə heç bir mənfi təsir etməyən, ağac əkən, ekologiyaya müsbət təsir göstərən addımlar atmaqla Azərbaycan bu prosesə töhfə verir. Üstəlik də, azad olunmuş ərazilərdə alternativ və bərpa olunan enerji resurslarının istismarı, eləcə də “Yaşıl enerji”nin Avropa məkanına ixrac edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar Fransanı sevindirmək əvəzinə narahat edir, təlaşa salır. Ona görə də düşünürəm ki, Fransa tərəfin bu narahatlığı səbəbsiz deyil. Bütün hallarda Fransanın cəhdləri heç bir nəticə verməyəcək, əvvəlcədən iflasa məhkumdur”-deytə X.Bəşirov qeyd etdi.
İradə SARIYEVA