Paşinyan - Köçəryan qarşıdurması - Ermənistan vətəndaş müharibəsinə gedir...
“Ermənistanın Qərblə yaxınlaşması fonunda İrəvanla Moskva arasında uçurum aradan qalxmaz hala gəlir. Deyilənlərə əlavə toxunuş kimi, məsələn, parlamentin sədri Alen Simonyanın Moskvada keçiriləcək KTMT Parlament Assambleyası Şurasının iclasında və 16-cı plenar iclasda iştirakdan imtina etməsini əlavə edə bilərik.
Xatırladaq ki, bundan əvvəl Paşinyan özü KTMT-nin Moskva sammitində iştirakdan imtina etmişdi”. Bu fikirlər Ermənistanın “armenianreport” portalında yer alıb.
Portal yazır ki, erməni tərəfinin Rusiyanın himayəsi altında keçirilən tədbirləri boykot etməsi ölkənin Qərblə yaxınlaşması ilə paralel gedir: “Xüsusilə bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-dadır və orada hazırkı administrasiyanın yüksək rütbəli rəsmiləri ilə görüşlər keçirir. Bu isə, təbii ki, Ermənistanı öz təsir orbitindən çıxarmaq istəməyən Moskvanı narahat etməyə bilməz. Moskva Qarabağ itkisi ilə erməniləri qorxuda bilmədi. İndi İrəvan Qərbə doğru hərəkətini dayandırmasa, “Ermənistanın dövlətçiliyini və suverenliyini qaçılmaz itirilməsi” kartı oynanılır. Və bu məsələdə Rusiyaya ikinci prezident Robert Köçəryanın başçılıq etdiyi böyük beşinci kolon fəal şəkildə kömək edir. Kimsə geosiyasi turbulentliyi gözləmək üçün bir müddət gizləndiklərini düşünürsə, dərindən yanılır. Köçəryan Moskvanı razı salmaq üçün Ermənistanın müstəqilliyinə xələl gətirməkdə davam edir. Və bunu gizlətmir. Daha doğrusu, hətta ailəsi də bunu gizlətmir. Belə ki, atasının tərəfdarlarının parlamentə sürüklədiyi Levon jurnalistlərə açıqlamasında deyib ki, “Robert Köçəryan fəaldır, görüşlər keçirir, müzakirələr aparır, yeri gələndə açıqlama verəcək”. “Əllərini yuyub kənara çəkilmədi. Azadlıq mübarizəsinə verdiyi töhfəni və qələbələrimizi nəzərə alsaq, son illərin reallığı onun üçün çox çətin olub”, - Levon Köçəryan qeyd edib. Yəni Robert Sedrakoviç hakimiyyətə qayıtmaq üçün indiki hakimiyyətə həlledici zərbə vurmaq məqsədilə qüvvələr toplayır. Təbii ki, həmişə kuklası olduğu Moskvanın fəal köməyi ilə. Maraqlıdır, doğrudanmı imperiyanın Köçəryan və Sarkisyandan yaxşı namizədi yoxdur? Doğrudanmı Moskva başa düşmür ki, onların hər ikisinin hakimiyyətə qayıtmaq şansı yoxdur? Bu ikisi çoxsaylı cinayətlərə görə məsuliyyət daşıyır, ölkə əhalisi hələ də onlara qarşı o qədər nifrət hissi keçirir ki, onların ağalarının birincinin hakimiyyətini necə bərpa edəcəyi tam aydın deyil. Lənət olsun, hətta Ter-Petrosyanın Paşinyanın əvəzinə hökumətə rəhbərlik etmək şansı Köçəryan-Sarkisyan birləşməsindən daha çoxdur. Bilirsiniz, hələ 2018-ci ilin avqustunda Köçəryanın siyasətə qayıtması ilə bağlı bəyanatı, yəqin ki, ölkədəki bir çoxlarına qəribə görünürdü. O, Paşinyan hökumətini korrupsiyada və iqtisadiyyatın uğursuzluğunda ittiham etməyə başladı. Həmin günlərdə Köçəryanı dinləyəndə elə görünürdü ki, o, Ermənistanda o vaxt hökm sürən ümumi qarışıqlıqda öz yerini tapmağa can atır. 2021-ci ildə o, Milli Məclisə növbədənkənar seçkilərdə qalib gəlmək üçün bütün gücünü və böyük maliyyəsini səfərbər etdi, lakin səslərin yalnız 20%-dən bir qədər çoxunu toplaya bildi, “Vətəndaş müqaviləsi” isə 53% topladı. Özü də 44 günlük müharibədə biabırçı və ağrılı məğlubiyyətdən sonra.
Sanki belə biabırçılıqdan sonra Köçəryan susmalıdır, amma yox. Siyasi mübarizəyə fəal şəkildə müdaxilə etdi. O, cəmiyyətdə hakimiyyətdən narazılığın və məyusluğun getdikcə artdığını hiss etdi, amma əsas məsələni nəzərə almadı - insanlar birincilərə daha çox nifrət edirlər. Hətta kimsə “Nikolsuz Ermənistan” şüarını canlandıra bilsə belə, həmin Ermənistan sözsüz ki, Köçəryansız, Sarkisyansız qalacaq. Erməni cəmiyyətinin birincilərə böyük ümidi yoxdur. Necə deyərlər, üzdük, gördük. Çətin ki, hansısa ağıllı adam Köçəryan və Sarkisyan dövrünə qayıtmaq istəsin. Cəmiyyət Paşinyandan nə qədər məyus olsa da, şübhəsiz ki, vəziyyətin yaxşılaşdırılmasına ümidlərini Köçəryan və Sarkisyana bağlamayacaq. Axı onlarla birlikdə 6 ildir aradan qaldırmağa çalışdığımız bütün pisliklər geri qayıdacaq. Bundan əlavə, onların qaytarılması Ermənistanın suverenliyinə son zərbə olacaq - biz nəhayət Belarusun analoquna, hətta Rusiya Federasiyasının subyektinə çevriləcəyik. Xalqımız buna heç vaxt imkan verməyəcək. Bunu Köçəryan və Sarkisyan və onların arxasında duran qüvvələr başa düşürmü? Çətin ki. Nəyin bahasına olursa olsun, hətta çevriliş və keçmiş hakimiyyətin bərpası bahasına da olsa, Ermənistanı Rusiyanın təsir orbitində saxlamaq istəyirlər. Amma həm ekslər, həm də onların kuratorları başa düşməlidirlər ki, burada nə onların maddi imkanları, təbliğat vasitələri, nə də xüsusilə kiçik mitinqlər kömək edəcək. Nə demokratiya qaydalarına görə, nə də inqilabi-zorakı üsullara görə şansları var”. Bu arada onu da qeyd edək ki, Ermənistanda Paşinyan və Köçəryan arasında siyasi qarşıdurma mülk davasına da keçib. Hakimiyyət Robert Köçəryanın mülklərinin müsadirə edilməsi və dövlətə verilməsi məsələsini gündəmə gətirib. Köçəryanın oğlu, həbsdən xilas olmaq üçün “Hayastan” fraksiyasından deputat mandatı ilə təmin edilən Levon Köçəryan mülk davasına görə baş nazir Nikol Paşinyanı hədələyib: “Bizim ailəmizə məxsus əmlak qanunidir, heç nəyi gizlətməmişik və hakimiyyət hər şeyi yoxlayıb”. Əlavə edib ki, bu əmlakın Baş Prokurorluğun qərarı ilə dövlətə verilməsi mümkün deyil. Prokurorluq müsadirə ilə bağlı iddianı ötən ilin yayında irəli sürüb. Levon Köçəryan bildirib ki, hakimiyyətin məqsədi ədaləti bərpa etmək yox, ziyan vurmaqdır: “Bizim 4 milyard dollar sərvətimizin olduğunu deyirdilər, indi isə 60-70 milyon dollardan danışırlar. Amma bacarmayacaqlar. Bu iddialarını sübut etsinlər, mən belə ehtimal görmürəm”. Qeyd edək ki, L.Köçəryan parlamentdə fəaliyyətə başlayandan sonra atasının yerini tutub. Onun Paşinyana qarşı mübarizədə müxalifətin yeni lideri ola biləcəyi istisna edilmir.
Samirə SƏFƏROVA