Daxili İşlər Nazirliyində Anım Gününə həsr olunmuş tədbir keçirildi - FOTO
Daxili İşlər Nazirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən silahlı qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolundan danışıb, onların yüksək peşəkarlıq və qəhrəmanlıq nümunələri göstərdiklərini, torpaqlarımızın azad olunması zamanı şəxsi heyətdən 66 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını, 4 hərbi qulluqçunun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyünü, minlərlə hərbi qulluqçumuzun isə orden və medallarla təltif olunduğunu qeyd edib.
O, Vətən müharibəsində olduğu kimi ondan üç il sonra Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının iştirakı ilə keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycanın dövlət suverenliyi bərpa olunduğunu bildirib.
Nazir müavini bu gün işğaldan azad olunan ərazilərdə təhlükəsizliyin və sabitliyin bərqərar olması, Böyük Qayıdışın daha tez reallaşması üçün Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının xidməti vəzifələrini böyük qürur hissi ilə davam etdirdiklərini məmnunluqla vurğulayıb.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanının müavini - Şəxsi Heyət üzrə İdarənin rəisi general-mayor İnqilab Muradov Birinci Qarabağ müharibəsində olduğu kimi, cəmi 44 gün çəkən və hərbi ekspertlər tərəfindən analoqu olmayan döyüş əməliyyatları kimi qiymətləndirilən Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının ön cəbhənin müxtəlif istiqamətlərində işğalçı düşmənə qarşı mətinliklə döyüşdüklərini diqqətə çatdırıb.
Daha sonra çıxış edənlər ölkə başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş hərbi qulluqçularımızın və polis əməkdaşlarının bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaqla onlara göstərilən bu etimadı doğrultmaq üçün səylərini bundan sonra da əsirgəməyəcəklərini vurğulayıblar.
Tədbirin sonunda Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlıqlarını özündə əks etdirən sənədli film nümayiş olunub.
NAMİQ