Ekologiya nazirinin 1-ci müavin postu - ilginc səbəblər var
Sadıq Qarayev: “Çox ehtimal, bu nazirliyə yeni istiqamətlər tapşırılacaq və yeni səlahiyyətlər veriləcək”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi dəyişib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsi təsis olunub.
Qeyd edək ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir. Hazırda nazirin 4 müavini var: Rəşad İsmayılov, Rauf Hacıyev, Vüqar Kərimov, Umayra Tağıyeva.
Ekologiya və təbii sərvətlər nazirinin 1-ci müavini postu yaradılıb. İndiyə kimi 4 müavini olub.
Hansı səbəbdən bu qərar verilib? Ola bilərmi ki, indiki müavinlərdən hansısa biri 1- ci müavin təyin olunsun? Yoxsa kənardan kimsə gətirilə bilər? Bu qərar COP29-la bağlı ola bilərmi?
“Bu həm COP29-la, həm də nazirliyə veriləcək yeni səlahiyyətlərlə də bağlı ola bilər”
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, ekspert Sadıq Qarayev “Bakı-Xəbər”ə bildirdi ki, ola bilsin, hazırda bu vəzifənin təsis edilməsi üçün zərurət yaranıb. S.Qarayev vurğuladı ki, hazırda ölkəmiz COP29-a (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) hazırlaşır və eyni zamanda da azad ərazilərdə ciddi ekoloji bərpa prosesi gedir. “Bu vəzifənin təsis edilməsinin səbəblərindən biri COP29-la bağlı ola bilər.
Ümumiyyətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət sahəsi çox genişdir, bu nazirlik bir neçə sahəni, istiqaməti əhatə edir. Eyni zamanda da düşünürəm ki, bu azad edilmiş ərazilərlə də əlaqədar ola bilər. Çünki azad edilən ərazilərimiz miqyas baxımından çox genişdir. Torpaqlarımız işğalda olanda Ermənistan həm təbii sərvətlərimizə, həm fauna və floramıza, ekologiyamıza qarşı terror törədib. Bu terrorun nəticəsinin aradan qaldırılması isə gərgin əmək, böyük fəaliyyət tələb edir. Düzdür, azad ərazilərdə ekoloji mənzərənin bərpasına başlanılıb, bu proses hələ xeyli müddət davam edəcək. Söhbət 20 faiz ərazinin ekologiyasından gedir. Bunu içində təbii sərvəti, meşə örtüyü, çöl-çəməni də, faydalı qazıntıları, su arxları da gedir. Orada işlər görülür. O ərazilərin tamamilə bərpa edilməsi dediyim kimi böyük prosesdir. Üstəlik, iqlim dəyişliyi, qlobal istiləşmə ilə bağlı, eyni zamanda da faydalı qazıntılarla əlaqədar da məsələlər də bu nazirliyin işinə daxildir. Bu qədər işləri koordinasiya etmək üçün bu vəzifənin təsis edildiyini ehtimal edirəm”.
Bu vəzifənin yaradılmasına COP29 tədbirinin də zərurət yaratdığını deyən S.Qarayevin sözlərinə görə, ola bilsin, bu nazirliyə yeni səlahiyyətlər veriləcək: “Bu həm COP29-la, həm də nazirliyə veriləcək yeni səlahiyyətlərlə də bağlı ola bilər. Çox ehtimal, bu nazirliyə yeni istiqamətlər tapşırılacaq və yeni səlahiyyətlər veriləcək. Bunu oranı kurasiya edənlər bilir ki, nə məqsədlə yaradıblar”.
Nazirin 1-ci müavinin kənardan gətirilməsi, yaxud 4 nazir müavinindən birinin o vəzifəyə təyin olunması ehtimallarına gəlincə, S.Qarayev bildirdi ki, nazirin 1-ci müavini təyin etmək səlahiyyəti Prezident İlham Əliyevə aiddir: “Bu posta kimin təyin ediləcəyi Prezidentin səlahiyyətində olan məsələdir. Ona görə də bu barədə hər hansı bir ehtimal söyləmək olmur”.
İradə SARIYEVA