Heç tanınmayan bir şəxs(?) Naxçıvan Ali Məclisinin sədri olacaq...
1 dairədə YAP-ın 4 üzvü, ümumən müxalifətdən cəmi 2 nəfər var...
Naxçıvan Ali Məclisinə deputat seçilmək istəyən namizədlərin siyahısı nəhayət açıqlandı.
Çoxlu sayda özəlliklər və təəccüblü hallar var. 45 seçki dairəsi üzrə 187 namizəd qeydə alınıb. Hər seçki dairəsinə təxminən 4 nəfər düşür. Namizədlərin sırasında bircə nəfər belə Muxtar Respublika və ya Naxçıvan MR miqyasında tanınmış şəxs adına rast gəlinmir. Bəzi son çağırış deputat olmuş şəxslərdən başqa.
Elektrik şəbəkə, qaz sahəsinin işçiləri və pensiyaçılar daha çox gözə dəyir. Muxtar Respublikanın əhalisinə görə 3 ən böyük kəndi sayılan Nehrəm, Cəhri və Qarabağlar tək Nehrəmi çıxmaq şərtilə qalan ikisi yalnız 1 seçki dairəsi təşkil edir. Nehrəmdə 2 seçki dairəsinin olması dairələrin hansı meyarlarla təşkil olunduğu barədə suallar yaradır.
Bütün dairələrdə YAP-ın namizədləri olsa da, bəzi dairələrdə hakim YAP-ın 2 və daha çox namizədlə təmsil olunması təəccüblüdür. 3 saylı Maxta dairəsində YAP 2 namizədlə iştirak edir. Biri orta məktəb müəllimi, digəri NDU-nun dosentidir. Naxçıvandakı bütün namizədlər öz təşəbbüsləri ilə irəli sürülüb. 13 saylı Püsyan dairəsində də YAP-ın 2 namizədi var. Biri döyüş liqasında vitse-prezident, digəri Pensiya fondunda çalışır. 29 saylı Naxçıvan şəhər dairəsində də 2 YAP üzvü qarşı-qarşı dayanacaq. Şəhər 3 saylı məktəbin müəllimi və Naxçıvan DU-nun dekanı bu dairədə YAP-ın alternativ namizədlərdir. Naxçıvanda nadir rast gəlinən hallardan biri əksər dairələrdə yalnız YAP üzvləri və bitərəflər təmsil olduğu halda , 30 saylı Naxçıvan şəhər dairəsində AMİP-in Ali Məclisinin sədri Rəşad Bayramovun da namizədliyi var. Rəşad Bayramov YAP namizədi olan Agentlik ...Komissiya mütəxəssisi və Naxçıvan TV-nin müxbiri ilə yarışacaq. 34 saylı Şahbuz dairəsində 6 namizədin 4-ü YAP-ın üzvləridir. Burada YAP daha çox sayla təmsil olunur .
40 saylı Saltaq seçki dairəsində də namizədlərin ancaq YAP üzvü və bitərəf olması prinsipi "pozulub". Belə ki, 40 saylı dairədə YAP-çı, Taxıl Məhsulları Kombinatının direktoruna alternativ olaraq AĞ Partiyanın nümayəndəsi də "döyüşə atılıb".
Beləliklə, 45 mandat uğrunda mübarizəyə girişmiş 187 namizədin arasında əksəriyyət YAP üzvləri, bitərəflərlə bərabər 2 nəfər müxalifət namizədi var. Bir nəfər AMİP-dən, bir nəfər AĞ Partiyadan.
Hər 2 müxalifətçi Məclisə düşə bilsə, birinin Ali vəzifəli şəxsin müavini olmaq şansı ola bilər.
Naxçıvana namizədlərin arasında qaz, elektrik işçiləri, sahibkar və pensiyaçılar üstünlük təşkil edir.
Ümumiyyətlə, Naxçıvanda tanınmayan bir şəxsin(?) sədr seçilmək ehtimalı daha böyükdür.
Tahir TAĞIYEV