Qondarma “Arsax” qurumları qadağan edildi - rəsmi İrəvan nə qədər səmimidir...
Tural İsmayılov: “Erməni hakimiyyəti sülhdə maraqlı olsaydı, indiyə qədər bu istiqamətdə hansısa konkret addımlar atardı”
Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasının deputatı Ovik Ağazaryan bəyan edib ki, Ermənistanda “Qarabağın dövlət orqanları”nın (özünü buraxan keçmiş qanunsuz separatçı qurum nəzərdə tutulur) fəaliyyət göstərməsinin əleyhinədir.
Deputat bunu belə əsaslandırıb ki, bu addım qonşularla münasibətlərin tənzimlənməsi prosesinə ziddir: “Başqa sözlə, sülh gündəmini təbliğ etdiyimizi deyəndə istəklərimizdə səmimi olmadığımızı göstərmiş olarıq. Sülh gündəmini irəli sürürsən, həm də “artsax”ın “milli məclisi”ni və “hökuməti”ni qoruyub saxlayırsan ki, sabah, ertəsi gün Azərbaycana hücum edib, erməni və Azərbaycan xalqlarının dostluğuna zərbə vurasan? Bu, sülh deyil”.
Maraqlıdır, Ermənistan qondarma və keçmiş separatçı qurumla bağlı sərgilədiyi belə mövqeyi ilə nə dərəcədə səmimidir?
“Ağazaryanın bu mövqeyi hakimiyyətin sülhpərvər olması ilə bağlı saxta bir görüntü yaratmağa xidmət edir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Tural İsmayılov buna bir neçə prizmadan yanaşdı: “Bu gün Ermənistan hakimiyyət nümayəndələri faktiki olaraq Qarabağ separatçı ünsürləri, eyni zamanda oradan gələn erməniləri qəbul etmir. Əslində Ermənistan hakimiyyətinin Qarabağ ermənilərinə bir nifrəti var. Çünki uzun illər Ermənistanın ictimai-siyasi dairələrində , xalqın psixologiyasında hükm sürən Ermənistan və Qarabağ erməniləri sindromu qalmaqdadır. Bu, siyasi kuluarlarda müxtəlif formalarda özünü göstərir. Hesab edirəm ki, Ovik Ağazaryanın bu mövqeyi Ermənistan hakimiyyətinin sülhpərvər olması ilə bağlı saxta bir görüntü yaratmağa xidmət edir. Digər tərəfdən, sülh gündəliyini bəhanə edərək Ermənistanın daxilində Qarabağdan olan ermənilərə və həmçinin oradakı separatçılara qarşı kəskinliyi, ziddiyəti artırmaq, cəmiyyətdə bu ritorikanı gücləndirməyə xidmət edir. Ümumiyyətlə, son dövrlər Ermənistan məktəblərində, üniversitetlərində Qarabağdan gələnlərə bu yöndə təsirlərin edilməsi, ölkənin təhsil nazirinin bu məsələyə ritorik cavab verməsi bir sıra məqamlardan xəbər verir. Həmçinin bu gün Ermənistan hakimiyyət nümayəndələrinin konkret olaraq Qarabağ erməniləri ilə bağlı məsələdə sərgilədiyi əks mövqelər Paşinyan hakimiyyətinin onları özünə təhdid kimi gördüyü reallığını ortaya qoyur. Bu səbəbdən həmin təhdidi neytrallaşdırmaq üçün daim onları cəmiyyətin gözündən salmaq taktikasına önəm verir. Hər halda, Ermənistan hakimiyyət nümayəndələrinin bu açıqlamaları sülh mövqeyindən daha çox, Qarabağ ermənilərini ölkə cəmiyyətinin gözündən salmağa xidmət edən addımlardır. Ermənistan hakimiyyəti sülhdə maraqlı olsaydı, indiyə qədər bu istiqamətdə hansısa konkret addımlar atardı”.
Vidadi ORDAHALLI