Ermənistanın qeyri-müstəqilliyi sülhə ən böyük əngəldir...
“Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır”. Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.
Bununla yanaşı, dövlət başçısı diqqətə çatdırıb ki, belə ölkələrə sözün əsl mənasında müstəqil ölkə demək olmaz: “Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar”. Burada xüsusi vurğulanmalıdır ki, məhz Ermənistanın müstəqil olmaması onun İkinci Qarabağ müharibəsindən sonra indiyə qədər Azərbaycanla sülh müqaviləsi imzalamasını əngəlləyir. Ermənistan regionda davamlı sülhün bərqərar olması üçün yaranmış tarixi imkanı əldən vermək üzrədir. Bununla da yalnız özünə ziyan vurur. Burada qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması nəinki hər iki ölkənin xalqlarının maraqlarına cavab verir, eyni zamanda, regionun gələcəyi üçün yeni perspektivlər açır. Amma indiki halda Ermənistanın sülh sazişini imzalamaqdan imtina etməsi, kommunikasiyaların açılmasını gecikdirmək cəhdləri zaman itkisindən başqa bir şey deyil. İndiki halda isə zaman daha çox Ermənistanın əleyhinə işləyir. Çünki bu ölkənin iqtisadi tənəzzüldən xilas olması üçün kommunikasiyaların açılmasına, nəqliyyat əlaqələrinin bərpasına başqa ölkələrdən daha çox ehtiyacı var. Burada onu da xatırladaq ki, Vətən müharibəsi başa çatdıqdan sonra sülh təşəbbüsləri məhz Azərbaycan tərəfindən başlanılıb və bu dövr ərzində rəsmi Bakı həmişə Qafqazda sülh, sabitlik və əməkdaşlıq perspektivlərinə sadiq qalıb. Lakin ötən 3 il ərzində, əvvəlki 30 illik dövrdə olduğu kimi, Ermənistan davamlı olaraq özünün havadarlarına və həmin o havadarların qeyri-real vədlərinə güvənərək sülh prosesindən davamlı şəkildə yayınıb. Halbuki, Azərbaycan və Ermənistan arasında Bakının irəli sürdüyü və beynəlxalq hüququn prinsiplərinə əsaslanan 5 şərt istiqamətində Moskva, Vaşinqton və Brüssel platformaları çərçivəsində müzakirələr aparılıb. Amma Qərbin ikiüzlü siyasəti səbəbindən Vaşinqton və Brüssel platformalarına etimad sarsılıb. Xüsusən ötən ilin oktyabrından etibarən Fransanın Brüssel prosesinə açıq müdaxiləsi, həmçinin bölgədə sülhə, sabitliyə təkzibolunmaz şəkildə zərər vuran davranışları ciddi problemlərə yol açıb. Fransanın, Avropa İttifaqı Parlamentinin Azərbaycana münasibətdə açıq, qərəzli danışıqları Brüssel platformasını daha çox anti-Azərbaycan masasına çevirməyə başladı ki, bunu da, təbii ki, Bakı qəbul edə bilməz. Ardınca ABŞ da vasitəçilik məsələsində ciddi qüsurlara yol verdi. Amma bunlar Azərbaycanın iradəsinə təsir edə bilməz. Bunu ermənilər özləri də etiraf edirlər. Ermənistanın Regional Araşdırmalar Mərkəzinin direktoru, erməni ekspert Riçard Kirakosyan bu fonda bildirir: “20 noyabrda ABŞ-da keçirilməsi nəzərdə tutulan XİN başçılarının görüşündən Bakının imtinası həm Brüsseldə, həm də Vaşinqtonda məyusluq yaradır. Qərbin bu məyusluğu həm də o deməkdir ki, Azərbaycanın fundamentalist mövqeyinə tolerant yanaşmırlar. Müharibədən sonrakı yeni reallıq Ermənistan üçün nə qədər çətin olsa da, Azərbaycan da ABŞ üçün əvvəlkindən daha az əhəmiyyət kəsb edir. Azərbaycanın maksimalist mövqeyi ABŞ üçün problemə çevrilsə də, bu da bir həqiqətdir ki, ABŞ-ın Bakı üzərində rıçaqları azdır. Çünki Bakı hələ də Türkiyədən dəstək almaqla yanaşı, Rusiyadan da iştirak və hətta əməkdaşlıq əldə edib. Bununla belə, Vaşinqton indi əlində olan kiçik rıçaqları daha ciddi qəbul edir. Amerikanın Azərbaycana qarşı onsuz da aşkar məyusluğu onu deməyə əsas verir ki, sanksiyalar ABŞ-ın son çarəsi olaraq qalsa da, indi yalnız Bakıya siyasi təzyiq göstərməkdə davam edəcək”. Kirokosyan Dövlət Departamentinin sözçüsü Metyu Millerin tərəfləri layiqli və sabit sülh naminə birbaşa danışıqlara dəvət etməsinin heç də “siyasi təzyiq” olmamasına isə bu cür reaksiya verib: “Bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzrə diplomatik danışıqların bərpası gözləntiləri ilə bağlıdır. Sülh müqaviləsi ikitərəfli dövlətlərarası müqavilədir ki, o da Qarabağ münaqişəsindən ayrılıb”. Onun fikrincə, Qarabağ münaqişəsinin həllindən sonra sərhədlərindən kənara çıxan Azərbaycanın Ermənistanın bəzi ərazilərinə iddiası və hərbi güc nümayişinə mane olacaq heç bir qüvvə yoxdur: “Bu, daha çox Azərbaycanın son hərbi qələbəsi ilə güclənməsi və Türkiyənin hüdudsuz dəstəyi, İsrailin hiyləgər yardımı və Qərbin Azərbaycana qarşı heç bir təsir rıçaqının olmaması ilə əlaqədardır. Bütün bunların fonunda Azərbaycanın indi dayanması üçün hələ də heç bir məhdudlaşdırıcı və real səbəb yoxdur”. Rusiyalı politoloq Sergey Markedonov isə bildirir ki, Azərbaycan üçüncü tərəflər olmadan Ermənistanla ikitərəfli razılaşmalar əldə etməyə çalışır: “Azərbaycan üçüncü tərəflər olmadan Ermənistanla ikitərəfli razılaşmalar əldə etməyə çalışır. Söhbət bu “üçüncü tərəflərin” tamamilə lazımsız olmasında deyil, lakin Bakı onların vəziyyətə real təsir dərəcəsini minimuma endirmək istəyir. Və əksinə, belə bir anlayış var ki, erməni tərəfi mövcud olan son fürsətə qədər “üçüncü”dən yapışacaq. Azərbaycan öz uğurlarının qeyd-şərtsiz tanınmasını, eləcə də Bakının əsas benefisiarlardan biri olacağı yeni regional status-kvonun formalaşmasını istərdi”.
Samirə SƏFƏROVA