Son 3 il - qərblilərin "Qarabağda yeni separatizm mərhələsi" planları necə pozuldu...
“...Baş verənlərin hamısı bir-birini tamamlayan məqamlardır, bununla da Azərbaycan böyük zəfərini bütövlükdə əldə etdi”
44 günlük vətən savaşı başlayan andan Qərb dünyasının, antiazərbaycançıların kürkünə birə düşmüşdü ki, Azərbaycan bütün torpaqlarını işğaldan azad edəcək və separatizmin, işğalın ayağını birdəfəlik kəsəcək.
Odur ki, müharibənin ilk vaxtlarından başlayaraq Azərbaycana qarşı müxtəlif vasitələrlə təzyiqlər göstərib onu yarı yoldan qaytarmaq və haqq işini tamamlamaqdan çəkindirmək istəyirdilər. 8 (10 ) noyabr Zəfərindən və Ermənistanın kapitulyasiyasından sonra da Qərb dairələri daha da qıcıqlanıb Qarabağdakı bir ovuc separatçını ayaqda saxlamağa cəhd edirdilər. Məlumdur ki, dünyanın İlham Əliyevə təzyiqinin məqsədi o idi ki, 10 noyabr sənədində sonra Əliyev daha irəli getməsin və Xankəndidəki separatçı rejimi yavaş-yavaş özünə gəlsin, bununla da yeni dövr üçün separatizm ocağı yaradılsın. Ancaq Əliyev sonadək getdi.
Bu mənada, 23 apreldə Laçın yolunda postun qurulması, 19 sentyabr əməliyyatı və 25 oktyabrda Xankəndiyə bayraq asılması 8 noyabr Zəfərinin davamı və onu tamamlayan hadisələr deyildimi?
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində “44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın böyük hissəsini hərbi yolla azad edə bildi və bununla da Ermənistan ordusunun belini qırdı. Təbii, o zamanlar da bizim hərbi gücümüz, imkanlarımız çatırdı ki, sona qədər əməliyyatları davam etdirək Xankəndi və digər ərazilər üzərində ordumuz nəzarətini bərqərar edə bilsin. Ancaq o dövrün geosiyasi şərtləri və regiondakı digər amillər bizim ordumuza əməliyyatları sona qədər davam etdirməyə imkan vermirdi. Bu amili nəzərə alaraq Azərbaycan Ordusu, qeyd edildiyi kimi, 10 noyabrda dayanmalı oldu”-deyə bildirdi.
M.Məmmədli qeyd etdi ki, buna baxmayaraq, biz Ermənistan ordusunun belini qırmışdıq, erməni ordusu çox böyük sarsıdıcı zərbə almışdı. “Bu baxımdan, cənab Prezidentin də qeyd etdiyi kimi, biz münaqişəni bitmiş hesab edirdik. Amma daxildən də, xaricdən də bəziləri Azərbaycan dövlətini ittiham edirdi ki, nəyə görə axıra qədər getmədiniz. Yəni o tənqidlərin də əsası yox idi. Ondan sonra Azərbaycanın həyata keçirdiyi düzgün xarici siyasət, danışıqlar prosesində diplomatik gündəliyin formalaşdırılması, eyni zamanda Qarabağda atılan addımlar bir-birini tamamlayan addımlar idi. Qeyd edilən məqamlar da ora daxildir. İlk növbədə, xüsusən keçən ilin dekabrından Laçın-Xankəndi yolunda Azərbayan ekofəallarının, ictaimi aktivistlərin başlatdığı aksiyanı vurğulamalıyıq. Həmin ilin aprel ayının 23-də nəhayət Azərbaycan sərhəddə nəzarət-buraxılış məntəqəsini qurdu. Son olaraq 23 saat davam edən antiterror tədbirləri və 15 oktyabrda Azərbaycan bayrağının Xankəndidə qaldırılması, onlardan əvvəl baş verənlərin hamısı bir-birini tamamlayan məqamlardır, bununla da Azərbaycan böyük zəfərini bütövlükdə əldə etdi. Yəni 44 günlük müharibədən sonra baş verən ardıcıl proseslər tam olaraq qələbəmizin təmin edilməsi ilə nəticələndi. 200 illik tarixi olan bir problem kökündən öz həllini tapdı. Azərbaycan dövləti bütün torpaqları üzərində öz suverenliyini təmin etdi”-deyə bildirən M.Məmmədli qeyd etdi ki, Qərb dairələri, ermənipərəst qüvvələr son üç ildə Azərbaycana qarşı nə qədər təxribatlar qursalar da, heç nəyə nail ola bilmədilər, Azərbaycan beynəlxalq hüquq normalarından çıxış edərək ərazisində separatimin kökünü kəsdi: “O qüvvələrin cəhdlərinə baxmayaraq, Azərbaycan istədiyinə nail oldu və böyük qələbə qazandı. Müqayisə etsək, postsovet məkanında heç bir dövlət öz ərazi problemini indiyə qədər də həll edə bilməyib. Burda Gürcüstanı da, Moldovanı da, Ukraynanı da qeyd edə bilərik. Ukraynada hələ də müharibə gedir. Azərbaycan separatizmin kökünü kəsib, işğala son qoyub öz ərazi bütövlüyünü təmin edən ölkədir”-deyə M.Məmmədli bildirdi.
İradə SARIYEVA