Naxçıvanın tarixində görünməmiş hadisə - Dubay və Səudiyyə ilə birgə layihə başlayır...
Əli Əlirzayev: “Bu sahələrə xarci sərmayənin cəlbi alternativ enerji mənbbələrinin inkişafına təkan verəcək”
SOCAR, Masdar və ACWA Power Naxçıvanda 500 MVt-lıq bərpa olunan enerji mənbəyi layihələrini tədqiq edəcək. Belə ki, Yaxın Şərqin Masdar (BƏƏ) və ACWA Power (Səudiyyə Ərəbistanı) şirkətləri SOCAR-la birgə (Azərbaycan Dövlət Neft Şirkəti) Naxçıvan Muxtar Respublikasında ümumi gücü 500 MVt olan bərpa olunan enerji mənbələri layihələrinin həyata keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma memorandumu imzalayıb. Bununla bağlı bir sıra işlərin görüləcəyi gözlənilir.
Maraqlıdır, belə bir qərar Naxçıvanin inkişafı üçün hansı əhəmiyyətə malikdir?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən iqtisadçı alim Əli Əlirzayev hesab edir ki, Naxçıvanın bərpa olunan enerji mənbələrinə xarici sərmayələrin cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir: “Çünki Naxçıvanın zəngin alternativ enerji resursları var. Naxçıvanda günəşli günlər çox olur və yay fəslində havanın temperaturu yüksək olur. Naxçıvan həm də külək enerjisi istehsalı üçün uyğun yerdir. Bölgənin su resursları imkan verir ki, hidroenerji potensialından istifadə olunsun. Təbii ki, bu sahələrə xarci sərmayənin cəlbi alternativ enerji mənbbələrinin inkişafına təkan verəcək. Özü də bu, təkcə Naxçıvanın elektirik enerjisinə olan tələbatın ödənilməsində rol oynamayacaq. Əldə edilən enerjinin bir qismini ixrac etmək üçün imkan olacaq. Çünki Naxçıvan həm də önəmli tranzit əhəmiyyətə malikdir. Ona görəki, Naxçıvan Türkiyə, İran və Ermənistanla quru sərhədlərinə malikdir. Yəni, əldə olunan enerji bu ölkələrə ixrac edilə bilər. Əsas odur ki, Naxçıvanda mövcud olan bu potensiala sərmayə clb edilsin. Görünən odur ki, bu məsələ yavaş-yavaş həll olunur. Sevindirici haldır ki, xarici investorlar Naxçıvana maraq göstərir. Çünki indiyə qədər xarici sərmayədarlar ora elədə maraq göstərmirdilər. Yeni mərhələ Naçıvanın dünya bazarında iştirakına zəmin yaradacaq. Çünki Naxçıvanda alternativ enerji potensialı böyük olduğu üçün həmin sahəyə sərmayə qoymaq sərfəlidir. Üstəlik, Naxçıvan 3 ölkə ilə sərhəd olduğu üçün bunun xarici bazara çıxarılması imkanları genişdir. Ümumilikdə, bütün bunlar Naxçıvanın inkişafına müsbət təsir edəcək”.
Vidadi ORDAHALLI