İlham Əliyev Prezident seçilən gün Seyid Həsən demişdi ki...
Azərbaycan xalqı tarixən seyid ocaqlarına, adı, imanı, ünvanı bəlli seyidlərə xüsusi məhəbbət göstərib. Çağımızda da seyidlərin ocağı, qapısı, dərgahı insanlarımız üçün müqəddəs və əziz ünvanlardan birinə çevrilib.
Qarabağ adı bəlli seyidləri, sınaqlı seyid ocaqları ilə də məşğhurdur. Cəmi Qarabağda tanınan, ocağı əziz bilinən, sözü mötəbər sayılan şəxsiyyətlərdən biri də Seyid Həsən Baba Seyid Nizam oğludur. 1922-ci ildə Füzuli rayonunun Arayatılı kəndində anadan olan, 2010-cu ildə vəfat edən Seyid Həsən Baba Seyid Nizam oğlu bütün müşküllərin çarəsini bilərdi, insanlara düzgün yol göstərərdi, əlsiz-ayaqsıza simsar olardı, dara düşənin, şərə-böhtana düçar olanın köməyində durardı, elin xeyrinə-şərinə yarayardı, insanları səbrli, imanlı, inamlı olmağa çağırardı. Öz şəxsiyyəti, davranışı ilə gerçək bir örnək idi...
Seyid Həsən Baba Seyid Nizam oğlu elə bir şəxsiyyət olub ki, onun barəsində hər zaman yazmaq vacibdir.
Fərman Qarabağlı: “Bir gün Seyid Həsən Babanın yanına getmişdim, görüşəndə sevinclə mənə dedi ki, Fərman bala, İlham Əliyev Prezident seçildi, inanıram ki, torpaqlarımız qayıdacaq”
Əslən Füzuli rayonun Arayatılı kəndindən olan, hazırda Bakıda yaşayan “Bakı-Xəbər”in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı (Süleymanov) bizimlə əlaqə saxlayaraq Seyid Həsən Babadan bir yazı hazırlamağımızı istədi. Təbii ki, müsahibimiz Fərman Qarabağlının özü oldu. “Kəndimizin müqəddəs ağsaqqalı olan Seyid Həsən Baba təkcə Arayatılıda deyil, Qarabağın əksər kəndlərində böyük hörmətə malik, sözünə ehtiram göstərilən bir seyid olub. Seyid adı çəkiləndə çoxları düşünməsin ki, bu kişi nəzir yığan olub, əksinə Seyid Həsən Baba ehtiyacı olan çox insanlara əl tutub, kömək edib, maddi yardım göstərib.
Bir zamanlar Füzuli rayon Ət Birliyinin müdiri özünün heç bir təqsiri olmadan cəncələ düşmüşdü, nədənsə, neçə ton ət çatışmırdı. Mən o zaman orta məktəbdə oxuyurdum, amma hadisə təfərrüatı ilə yadımdadır. O vaxt Seyid Həsən Baba camaata “bilirsiz ki, bu kişinin heç bir təqsiri yoxdur, ona kömək etmək lazımdır”deyib müraciət etdi. Birinci olaraq Arayatılı kəndinin sakini Şahsuvar kişi kömək əlini uzatdı, dedi ki, bir camışım var, onu bağışlayıram, ondan sonra çox kəndlərdən Ət Birliyinin müdirinə təmənnasız kömək etdilər, ət planı yerinə yetirildi, o, tutulmaqdan canını qurtardı. Seyid Həsən Baba düşmənçilik edən çox insanları barışdırıb, qanlar yatırıb, onların qan düşmənçiliyinə son qoyub. Bizim bölgədə Seyid Həsən Babanın bu təmənnasız yaxşılıqlarını görməyən, duymayan, öz həyatında hiss etməyən demək olar ki, yoxdur”-deyə F.Qarabağlı bildirdi.
F.Qarabağlının sözlərinə görə, Seyid Həsən Baba ona da çox böyük yaxşılıq edib, çox çətin olan bir işini həll edib. Müsahibimizin sözlərindən aydın oldu ki, Qarabağ elinin müqqəddəs ağsaqqalının bir sözü iki olmayıb heç vaxt, sözü də keçib, xeyirxahlığı da sonsuz olub. “1989-cu ilin qışı idi. Anamı kənddən qeydiyyatdan çıxarıb Bakıda qeydiyyata salmalı idim. O qarlı qış günündə kəndə getdim. Anama dedim ki, səni kənddən qeydiyyatdan çıxarıb Bakıya qeydiyyata salmaq üçün gəlmişəm. O etiraz etdi ki, mən kənddən qeydiyyatdan çıxmıram. Bunun öz səbəbi var idi.
Anamı razı salması üçün Seyid Həsən Babaya üz tutdum, bilirdim ki, yalnız o, anamı razı sala bilər. O. anamın pasportunu alıb mənə verdi və dedi ki, get Füzuliyə pasport şöbəsi müdirinin yanına, mənim adımdan deyərsən kömək edər. Qarlı bir gündə Füzuli şəhərinə getdim. Bilənlər bilir ki, Füzulinin qarından olmaz. Yolda təsdüfən pasport şöbəsinin müdiri ilə rastlaşdım. Gəlişimin məqsədini ona dedikdə bildirdi ki, təcili Bakıya getməliyəm, işim var, sonra gələrsən. Nə qədər israr etsəm də, böyük məbləğdə pul təklif etsəm də, razılaşmadı. Məndən bir az aralanmışdı ki, arxadan “məni Seyid Həsən Baba göndərib” dedim, ayaq saxladı, bir az fikirləşib geri qayıtdı. İşimi düzəltdi. O vaxt Bakıda Oktyabr rayonunda (indiki Yasamal rayonu) evlər idarəsinin rəisi vardı, Nəcəfov Təhməz. Çox xeyirxah insan idi, yaxşılıqdan başqa əlindən heç nə gəlmirdi, pislik etmək onun işi deyildi. O mənə demişdi ki, ailə üzvlərinin sayı bir nəfər artıq olarsa sizə dörd otaqlı mənzil düşür. Mən Seyid Həsən Babanın köməkliyi ilə anamı rayondan pasport qeydiyyatından çıxarıb gətirib Bakı qeydiyyatına saldım. Biz dörd otaqlı mənzil aldıq. Əgər o gün anamı rayondan qeydiyyatdan çıxarmasaydım iş pozulacaqdı, biz o mənzili ala bilməyəcəkdik”.
F.Qarabağlı bildirdi ki, torpaqlarımız Ermənistan tərəfindən işğal olunduqdan sonra Seyid Həsən Baba Bakıda, Yeni Yasamalda məskunlaşıb. “Tez-tez ziyarətinə gedirdim, görüşüb söhbət edirdik. Mənə çox məsələhətlər verirdi və deyirdi ki, səbr edin, səbrli olmaq lazımdır, hər şey yaxşı olacaq. Bir məqamı heç zaman unuda bilmirəm və onu sizinlə də bölüşmək istəyirəm. Bir gün Seyid Həsən Babanın yanına getmişdim, görüşəndə sevinclə mənə dedi ki, Fərman bala, İlham Əliyev Prezident seçildi, inanıram ki, torpaqlarımız qayıdacaq. Seyid Həsən Baba inanırdı ki, İlham Əliyev torpaqlarımızı işğaldan azad edəcək. Deyirdi ki, o günü mən görməsəm də, ruhum torpaqlarımızın azad edilməsi xəbərini duyacaq. Sözün düzü, inanmadım, dedim ki, baba, bu qədər ildən sonra torpaq qaytarmaq olar? Seyid Həsən Baba “elə bil ürəyimə əyan olub, mənə hansısa bir səs deyir ki, torpaqlar mütləq qayıdacaq” dedi. Heyf, Seyid Həsən Baba torpaqlarımızın azad olunduğu günü görmədən dünyadan köçdü, əbədi evinə getdi. Məzarı kəndimizdəki qədim Şıxbaba qəbiristanlığındadır. Hər dəfə kəndə gedəndə məzarını ziyarət edirəm və “baba, məni bağışla o vaxt sənə inanmadım. Qəbrin nurla dolsun müqəddəs ağsaqqal” deyirəm.
Seyid Həsən Baba necə demişdisə elə də oldu, o, müqəddəs adam idi və bu hadisə ona əyan olmuşdu.
Mən bir daha onun böyüklüyünü dərk etdim.
Bilirsiz, bu hadisəyə qədər Azərbaycan tarixində itirdiyimiz torpaqların heç biri geri qayıtmamışdı. Nadir Şah Əfşar Borçalını gürcülərə verdi, Şah İsmayıl Xətai də milləti iki yerə böldü. Bu neçə yüz il ərzində İlham Əliyev kimi sərkərdə, dövlət başçısı gəlməyib. Heç kəs inana bilməzdi ki, 1828-ci ildə bölünən torpağımızın mühüm bir hissəsi geri qaytarıla. İlham Əliyev sübut etdi ki, işğaldan olan torpaqları qaytarmaq mümkündür. Dünyada 7 möcuzə var, İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə 8-ci möcuzəni yaratdı. Heç kəs inana bilməzdi ki, Xankəndiyə Azərbaycan bayrağı sancılacaq. Şuşanın işğaldan azad ediləcəyinə ümid vardı, amma dünyasında inanmazdım ki, Xankəndi geri alına. Ona görə də, Prezidentin qədrini bilməmək həm Allahsızlıqdır, həm də günahdır. Tarix belə bir dövlət başçısı yetişdirməyib, Azərbaycana belə Prezident, dövlət başçısı gəlməyib. Bu ürək sözümdür, canımla, qanımla deyirəm. İnanın Allaha, desələr ki, ömründən kəs İlham Əliyevə ver, “uf” deməyib razı olaram. Torpaqdan pay olmaz, amma ömürdən pay olar. O möcuzə yaratdı. Bütün dünya mat qalıb ki, bunu necə etdi. Prezidentimizin əvəzi yoxdur”-deyə F.Qarabağlı bildirdi.
İradə SARIYEVA