Almaniya Ermənistanla hərbi razılaşma imzaladı...
Ramil Məmmədli: “Hərbi nöqteyi-nəzərdən bu nəyisə dəyişə bilməyəcək”
Berlində Ermənistan Müdafiə Nazirliyinin idarə rəisi Levon Ayvazyanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi Almaniya ilə müdafiə məsləhətləşmələri keçirilib. Bu barədə Ermənistanın hərbi qurumundan məlumat verilib.
Almaniya Federal Müdafiə Nazirliyində keçirilən toplantıda beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Müzakirələr nəticəsində 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı razılaşdırılaraq imzalanıb. Proqramda təcrübə mübadiləsi, təhsil və kadr hazırlığı, eləcə də qarşılıqlı maraq doğuran bir sıra istiqamətlər üzrə onlarla hərbi fəaliyyət nəzərdə tutulub.
“Almaniyanın Ermənistanla hərbi əməkdaşlığa maraq göstərməsi 5 aprel Brüssel görüşünün tərkib hissəsidir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli Almaniyanın Ermənistanla hərbi əməkdaşlığa maraq göstərməsini Avropa İttifaqının siyasəti ilə əlaqələndirdi: “Əvvəla, Almaniyanın Ermənistanla hərbi əməkdaşlığa maraq göstərməsi təəssüf doğurur. Ən azından ona görə ki, Qarabağ məsələsinə görə Almaniya həm Azərbaycanla, həm də Ermənistanla məsafəli davranıb. Söhbət hərbi əməkdaşlıqdan gedir. Berlinin siyasəti bu olub ki, Qarabağ məsələsi həll olunana qədər iki ölkəyə silah satılmayacaq. Düzdür, 4 il əvvəl Azərbaycan işğala son qoyaraq Qarabağ məsələsini həll etdi. Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb. Belə olan halda birtərəfli hərbi əməkdaşlıq doğru deyil. Almaniya Ermənistanla hərbi əməkdaşlıq edirsə, Azərbaycanla da etməlidir. Ancaq göründüyü kimi, Almaniya yalnız Ermənistanla əməkdaşlığa üstünlük verdi. Hesab edirəm, bu da təsadüfi deyil. Məsələ ondadır ki, Qərb Rusiyanı Ermənistandan çıxarmağa çalışır. 2022-ci ilin sonlarından Avropa İttifaqının müşahidə missiyası Ermənistanda fəaliyyət göstərir. Müşahidə missiyasının adı mülki olsa da, əslində onlar hərbi və kəşfiyyat fəaliyyətilə məşğuldular. Missiyanın tərkibi kəşfiyyatçılardan ibarətdir. Üstəlik, bu ilin aprelində Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçirilən üçtərəfli görüşdə İrəvana yardım göstərilməsi öz əksini tapıb. Etiraf etməsələr də, Ermənistana hərbi yardım da nəzərdə tutulub. Almaniyanın Ermənistanla hərbi əməkdaşlığa maraq göstərməsi də bunun tərkib hissəsidir. Bütün bunlar isə iki ölkə arasında sülh sazişi prosesinə zərər vurur. Ermənistanda revanşist əhval-ruhiyyəni gücləndirir. Aydın məsələdir ki, Ermənistana Qərbdən hərbi yardım artdıqca, İrəvan pozucu mövqe tutmaqda davam edəcək. Ancaq hərbi nöqteyi-nəzərdən bu, nəyisə dəyişə bilməyəcək. Ona görə ki, Azərbaycan üstün mövqedədir”.
Vidadi ORDAHALLI