Təhsil Nazirliyinə tabe olmayan institut alimləri ayda 1000 manat əlavəni haradan alacaqlar?..
İlqar Orucov: “Elm sahəsində çalışan bütün şəxslər üçün vahid yanaşma tətbiq olunmalıdır”
Məlum olduğu kimi, alimlərə elmi fəaliyyətlərinə görə hər ay 1000 manatadək mükafat veriləcək. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan alimlərə hər ay 1000 manatadək mükafat verilməsinə başlanılıb. Bu addım alimlərin maddi rifahının yaxşılaşdırılması və elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədi daşıyır.
Emi fəaliyyətlərinə görə alimlərə hər ay 1000 manat maaş verilməsi müsbət qarşılanır. Maraqlıdır, Elm və Təhsil Nazirliyinin tabeliyində olmayan tədqiqat institutlarında çalışan alimlər necə olacaq?
“Elmi fəaliyyətlə məşğul olan alimlərə hər ay 1000 manat pulun verilməsi alimlərin sosial vəziyyətinin gücləndirilməsi kimi dəyərləndirilməlidir”
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, elmi fəaliyyətlə məşğul olan alimlərə hər ay 1000 manat pulun verilməsi alimlərin sosial vəziyyətinin gücləndirilməsi kimi dəyərləndirilməlidir: “Ancaq onu da nəzərə almaq lazımdır ki, bu gün çoxlu alim var ki, elmi fəaliyyətlə məşğuldur. Həmin alimlərin elmi məqalələri dünyanın nüfuzlu jurnallarında çap olunur. Alimin məqalə çap etməsi zəruridir, ancaq bir şəxsin ay ərzində təxminən 5 məqalə çap etdirməsi maraqlıdır. Elə alim var ki, 1000-ə yaxın məqaləsi var. Bu absurddur. Halbuki, o alimin həmin məqalələrdən xəbəri yoxdur. Qeyd etdiyim kimi, alimin məqalə çap etməsi zəruridir, ancaq kafi deyil. Azərbaycan reallığında bir alim çoxlu sayda məqalə təqdim edirsə, bu hal haqlı olaraq şübhəyə səbəb olur”.
Həmsöhbətimiz hesab edir ki, elm adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər təqdirəlayiqdir: “Alimlərin daha yaxşı elmi tədqiqatla məşğul olması üşün fərqli alətlər tətbiq edilməlidir. Elm sahəsində çalışan bütün şəxslər üçün vahid yanaşma tətbiq olunmalıdır. O da məlumdur ki, Elm və Təhsil Nazirliyinin tabeliyində olmayan tədqiqat institutları da var. O müəssisələrdə çalışan elm adamlarının sosial vəziyyəti də nəzərə alınmalıdır. Həmin tədqiqat müəssisələri elmi fəaliyyətlə məşğul olan alimlərin stimullaşdırılmasına fikir verməlidir. Həmçinin, elmi tədqiqat institutlarının özlərinin maliyyə qazanma və səmərəli maliyyə idarəetmə mexanizmi yaradılmalıdır. Sağlam elmi mühitin yaranması üçün müəyyən işlərin görülməsinə ehtiyac var. Süi-istifadə hallarının olmamasına nəzarət edilməlidir. Elmi məqalələrə xüsusi diqqət edilməlidir. Elə alimlər var ki, həmin jurnalın heyəti ilə münasibəti var deyə o məqalələrdə adı orda sadəcə yer alır. Ancaq tədqiqat aparılmayıb. Onu da nəzərə almaq lazımdır ki, həmin tədqiqatın aparılması üçün Bakıda nə labarotariya, nə şərait, nə də cihaz var. Adama deyərlər, sən Bakıdasan və burda cihaz, avadanlıq olmadığı halda necə tədqiqat haqqında məqalən xarici jurnallarda dərc olunur?”.
Günel CƏLİLOVA