Fransa müstəmləkə xalqlarının fəallarına qarşı bu iyrənc üsuldan da istifadə edirmiş…
Mübariz Göyüşlü: “Sözdə fransızlar insan hüquqları məsələsinə çox önəm verir, ancaq əməldə onların çalışmaları bir xalqın məhvinə yönəlir”
“Fransa hökuməti başa düşdü ki, biz artıq onlar üçün ciddi bir problemə çevrilmişik. Son illərdə neomüstəmləkəçiliklə bağlı mübarizə daha geniş vüsət alıb. İlk növbədə, müxtəlif Afrika ölkələrində prezidentlər vasitəsilə mənə qarşı hücumlar həyata keçirirdilər. Bəzi bölgələrə girişim qadağan edildi, arbitraj yolu ilə saxlanmalar baş verirdi, nümayişlərimizə qadağalar qoyulurdu. Fransada əvvəllər nadir hallarda tətbiq edilən qanunları ortaya çıxarıb vətəndaşlığımı əlimdən aldılar. Fransanın məqsədi neomüstəmləkəçilikdir, çünki onlar müstəmləkəçiliyə qarşı mübarizəni təhdid olaraq görürlər”.
Bu sözləri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçiriləcək Afrikada Fransanın Neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfransla bağlı təşkil olunan brifinqdə tanınmış aktivist Kemi Seba bildirib.
Məlumdur ki, Fransa müstəmləkə altında saxladığı ölkələrə əziyyət edir. Tanınmış aktivist Kemi Sebanın dediyi kimi, Fransa müstəmləkə xalqlarının fəallarına qarşı cəzalar tətbiq edir, hətta onları vətəndaşlıqdan belə çıxarır.
“Fransanın müstəmləkə altında saxladığı ölkələrə qarşı tətbiq etdiyi cəzalar qanunsuzdur, bu cəzalar insan hüquqlarına ziddir”
Siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransanın müstəmləkə altında saxladığı ölkələrə qarşı tətbiq etdiyi cəzalar qanunsuzdur. Bu cəzalar insan hüquqlarına ziddir: “Sözdə fransızlar insan hüquqları məsələsinə çox önəm verir. Ancaq əməldə onların çalışmaları bir xalqın məhvinə yönəlir. Hesab edirəm ki, Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə platforma olaraq haqqı tapdanan, əzilən xalqların səsini dünyaya tanıdır. Ancaq tək bununla kifayətlənməməliyik. Beynəlxalq ictimaiyyət, tanınmış ictimai şəxslər Bakı Təşəbbüs Qrupunun səsinə səs verməli, Fransa zülmünə, müstəmləkəçiliyinə qarşı etiraz səsini ucatmalıdır. Belə olarsa, biz bu müstəmləkə siyasətini tezliklə aradan qaldıra bilərik”.
Günel CƏLİLOVA