Banklar müştərilərə dollar satmağı yavaş-yavaş təxirə salır...
Son günlər dollarla bağlı müxtəlif fikirlər səslənir. Paytaxt sakinləri valyuta alışında problem yaşandığını bildirir. Bəzi müştərilər dollar almaq istəyəndə banklardan bu tip cavab eşidirlər:
“Bankda dollar bitib”, “Sizdən əvvəl gələn müştəri böyük məbləğdə dollar aldığı üçün bitib” və s. Bu zaman belə təəssürat yaranır ki, bank dollar satmaq istəmədiyi üçün belə cavab verir. Maraqlıdır, banklarda dollar bitə bilərmi? Yoxsa banklar bilərəkdən bu cür cavab verirlər?
Əkrəm Həsənov: “Ola bilsin ki, hansısa bankın xarici valyuta ehtiyatı o qədər də çox deyil, ancaq...”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ola bilsin ki, hansısa bankın xarici valyuta ehtiyatı o qədər də çox deyil. Bu səbəbdən də müştəriyə “dollar qalmadı” cavabı verilir: “Ancaq bu hal bütün ölkəyə şamil edilməməlidir. Bir bankdan dollar ala bilməyən digər bankdan xarici valyuta əldə edə bilər. Hansısa bankda gün ərzində dollar bitə bilər. Bu normal haldır. Adi mağazada da hansısa məhsul gün ərzində tükənir. Dollar bitən banka xarici valyutanın gətirilməsi dərhal baş vermir. Bəllidir ki, dollar gətirilərkən təhlükəsizlik tədbirlərinə əməl edilir. Bu da vaxt aparır”.
Kamran Məmmədli: “Bəzi banklar bilərəkdən dollarla bağlı süni ajiotaj yaradır”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bəzi banklar bilərəkdən dollarla bağlı süni ajiotaj yaradır: “Dollara tələbatın artması mövsümi amillərlə bağlıdır. Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. Hazırda ölkədə dollar qıtlığı müşahidə olunmur. Hansısa bankda, bank filialında dollar olmayıbsa, bunu bütün banklara şamil etmək olmaz. Məlumdur ki, son günlər dollarla bağlı müxtəlif fikirlər səslənir. İddia olunur ki, COP29-dan sonra dolların məzənnəsi dəyişəcək. Bu səbəbdən də dollara tələbat var. Banklar da vəziyyətdən istifadə edib, dollar satışını məhdudlaşdırır”.
Günel CƏLİLOVA