Qarabağda tək ermənilər yox, bütün əsas dünya gücləri məğlub edildi...
Azər Həsrət: “Azərbaycan dövləti və onun rəhbəri uzun illər istər beynəlxalq platformada, istərsə də ölkə içində elə işlər görüb ki, bu gün Xankəndidə rahat oxuya, gəzə bilirik”
Məlum olduğu kimi, Prezident İlham Əliyev 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetində olub. Prezident universitetdə olarkən bir sıra məqamlara aydınlıq gətirib.
İ.Əliyev qeyd edib ki, bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etdi: “Demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi. Heç biri istəmirdi ki, xalqımız bu işğaldan yaxasını qurtarsın. Yəni, daim bizi təzyiq altında saxlamaq, daim bu işğaldan bir təsir amili kimi istifadə etmək, öz maraqlarını təmin etmək və nəticə etibarilə bizi bu vəziyyətlə barışdırmaq istəyirdilər”.
Prezident İlham Əliyevin dediyindən belə aydın olur ki, dünyanın aparıcı gücləri Azərbaycanın qələbə qazanmasına qarşı idi. Maraqlıdır, dünyanın bütün gücləri Azərbaycanın qələbəsinə qarşı idisə, ölkəmiz necə qalib gəldi? Azərbaycan böyük qüvvələri necə sındırdı?
“Prezident gənclərə xatırladır ki, sizin bu gün Xankəndidə Qarabağ Universitetində oxumağınız, yataqxanada yerləşməyiniz, dövlət hesabına təhsil almağınız elə-belə başa gəlməyib”
Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a açıqlamasında bildirdi ki, Prezident dəfələrlə bu haqda açıqlamalar verib: “Cənab İlham Əliyev bir neçə dəfə deyib ki, dünyanın böyük qüvvələri bizi status-kvo ilə barışmağa məcbur edirdi, ancaq biz buna razı olmurduq. Hətta Prezident onu da deyirdi ki, görüşlərdə, danışıqlarda onu inandırmağa çalışırdılar ki, məsələnin güc yolu ilə həlli yoxdur. Ancaq zaman göstərdi ki, Azərbaycan dövlətinin başçısı daha strateji planlama apara bilir. Yəni dinc vasitələr tükəndikdən sonra işğal məsələsinə güc vasitəsilə son qoyuldu. Prezident İlham Əliyev Qarabağ Universitetində olarkən bu məsələni yenidən dilə gətirdi. Məlumdur ki, universitet gənclər üçün bir başlanğıcdır. Gənclərin Azərbaycanın hansı mərhələlərdən keçdiyini bilməsi vacibdir. Prezidentin çıxışı gənclər üçün ilk tarix dərsi kimi qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, İlham Əliyev müstəqillik dövrünün bir nömrəli şəxsidir. O, Ulu öndərlə bərabər, çiyin-çiyinə olub. Bütün proseslərin önündə özü olub. Dövlətin ən çətin anlarında İlham Əliyev olub və uğur qazanıb”.
Həmsöhbətimiz hesab edir ki, ölkə başçısının gənclər qarşısında belə çıxış etməsi təəccüblü, qəribə görünməməlidir: “O gənclərə xatırladır ki, sizin bu gün Xankəndidə Qarabağ Universitetində oxumağınız, yataqxanada yerləşməyiniz, dövlət hesabına təhsil almağınız elə-belə başa gəlməyib. Azərbaycan dövləti və onun rəhbəri uzun illər istər beynəlxalq platformada, istərsə də ölkə içində elə işlər görüb ki, bu gün Xankəndidə rahat oxuya, gəzə bilirik”.
Günel CƏLİLOVA