İşğaldan azad rayonlarda seçici fəallığı daha yüksək oldu - səbəblər...
Mübariz Göyüşlü: “İstər Xankəndi, istər Şuşa və ya digər işğaldan azad edilən bölgələrdə müşahidə edilən seçici aktivliyi o ərazilərin canlanması deməkdir”
Növbədənkənar parlament seçkiləri başa çatıb. Artıq ilkin nəticələr elan olunub. Bir neçə gün ərzində VII çağırış parlamentin yeni üzvləri tam şəkildə bəlli olacaq və Konstitutsiya Məhkəməsinin qərarından sonra fəaliyyətə başlayacaq.
Sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində yüksək seçici fəallığı müşahidə edilib. Yerli və beynəlxalq müşahidəçilər bildirib ki, seçici fəallığı daha çox işğaldan azad edilən bölgələrdə müşahidə edilib. Mərkəzi Seçki Komissiyasının (MSK) katibliyinin İnformasiya Mərkəzinin yaydığı məlumatda da bildirilir ki, işğaldan azad edilən ərazilərdə seçicilər böyük fəallıq nümayiş etdirib. Növbədənkənar parlament seçkilərində işğaldan azad olunmuş ərazilərdə ən yüksək seçici fəallığı 122 saylı Xankəndi Seçki Dairəsində qeydə alınıb. Bu seçki dairəsində seçici fəallığı 50 faizi keçib. Xocalı, Fizuli, Ağdam, Şuşa, Laçın və digər işğaldan azad edilən ərazilərdə də seçici fəallığı müşahidə olunub.
“Qarabağda seçki və digər proseslərdə vətəndaşların aktivliyi onu göstərir ki, qeyd edilən ərazilər sürətlə dirçəlir, inkişaf edir”
Siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, parlament seçkiləri ilə bağlı işğaldan azad edilən ərazilərdə seçici fəallığının müşahidə edilməsi müsbət tendensiyadır: “Seçici fəallığının Xankəndidə müşahidə edilməsinin simvolik mahiyyəti var. İstər Xankəndi, istər Şuşa və ya digər işğaldan azad edilən bölgələrdə müşahidə edilən seçici aktivliyi o ərazilərin canlanması deməkdir. Bu fakt onu göstərir ki, azərbaycanlılar artıq öz yurdlarına, elinə qayıdıb, dövlət üçün əhəmiyyətli proseslərdə iştirak edirlər. Qarabağda seçki və digər proseslərdə vətəndaşların aktivliyi onu göstərir ki, qeyd edilən ərazilər sürətlə dirçəlir, inkişaf edir. Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində işğaldan azad edilən ərazilərdə seçicilərin böyük həvəslə öz namizədini seçmə istəyi onu göstərir ki, ermənilərin səsləndirdikləri bütün iddialar yalandır. VII çağırış Milli Məclisə seçkilər işğaldan azad edilmiş torpaqlarımızda daha yaddaqalan oldu. Çünki insanlar bu seçkiyə Zəfərin gətirdiyi qürur hissi ilə getdilər”.
Günel CƏLİLOVA