Tarix yazan qəhrəman...
Tovuz döyüşləri zamanı düşmən təxribatının qarşısını alaraq haqq dünyasına qovuşan şəhid mayor Anar Novruzovun şəhadətə yüksəlməyinin dördüncü ildönümü mərasimi keçirilib.
Mərasimə qatılan rayon rəsmiləri, şəhidin doğmaları, hərbçi yoldaşları, müharibə iştirakçıları, qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri şəhidin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verib, məzarı üzərinə əklil və gül dəstələri düzərək, xatirəsini böyük ehtiramla anıblar.
Anım tədbirində Anar Novruzovun keçdiyi döyüş yolundan, İyul döyüşlərinin əhəmiyyəti, 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan böyük Zəfərdən söz açılıb, şəhidin qəhrəmanlıq nümunəsinin yeni nəsil üçün örnək olduğu böyük fəxrlə dilə gətirilib. Həmçinin ölüsüzlüyə qovuşan qəhrəmanın hərbçi yoldaşları - ehtiyatda olan polkovnik Vidadi Cahangirov, Şirzad Hüseynov, mayor Zaur Əliyev, kursant yoldaşı mayor Pərviz Salayev xatirələrini bölüşüblər.
Söz şəhidin qardaşı Sücəddin Novruzov çatanda o, deyib: - Doğma Azərbaycanın bütövlüyü naminə şəhid olmaqdan çəkinməyən ürəkli bir gənc idi Anar. Vətənə, torpağa sevgisi onu şəhidlik zirvəsinə ucaltdı. İndi fəxr edirəm ki, Anar təkcə mənim deyil, bütün Azərbaycanlıların qardaşıdır. Eləcə şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm.
Məqamında sinəsini Ana Vətənimizə sipər edən, yağı düşmənə sipər edən şəhid mayorumuz Anar Gülverdi oğlu Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. Aprel və Tovuz döyüşləri zamanı göstərdiyi qəhrəmanlığı ilə sözün əsl mənasında tarix yazıb. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlinə layiq görülüb.
Bəli, Vətənin, xalqının xoşbəxt gələcəyi naminə canından keçən qəhrəmanlar hər cür ehtirama, məhəbbətə layiqdirlər. Onları yad etmək, xatirəsini hər zaman əziz tutmaq bizim ən müqəddəs borcumuzdur.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü