Dünya bu xəbərlə çalxalanır... ABŞ-ın sanksiya tətbiq etdiyi İrandan neft aldığı ortaya çıxdı - 59 tanker, azı 2,8 milyardlıq ticarət...
Yaxın Şərqdə başlayan müharibə istər istəməz ABŞ-la İranı da üz-üzə gətirdi. 7 oktyabr hücumundan dərhal sonra Tehran administrasiyası hücumun arxasında olmadığını bəyan etdi. Lakin İranın dəstəklədiyi Hizbullah İsraillə münaqişəyə başlayıb, İraq və Suriyadakı iranpərəst qruplar isə ABŞ bazalarına təxminən 200 dəfə hücum edib. Yəmənli husilər isə Qırmızı dənizi dünyanın ən təhlükəli su yoluna çevirərək ABŞ və müttəfiqləri ilə adı açıqlanmayan müharibəyə giriblər.
Bölgədə gərginlik İordaniyada bir kamikadze pilotsuz təyyarənin ABŞ-ın Tower 22 bazasına hücumu nəticəsində amerikalı əsgərlərin həlak olması ilə daha da artdı. Vaşinqton administrasiyası Yaxın Şərqdəki hücumlara İranı cəlb etmədən cavab verdi və yalnız Tehranın dəstəklədiyi qüvvələri hədəf alan bombardmanlar həyata keçirdi.
Bu arada, Amerikanın “New York Times” qəzeti xüsusi xəbərlə İranın sanksiyalara baxmayaraq, ABŞ-a neft satdığını üzə çıxarıb. Onlarla peyk fotosunu araşdıran qəzet İrandan bir ildə 59 tanker gəmisinin ABŞ-a yola düşdüyünü sübut edib.
ABŞ-a göndərilən neftin xalis miqdarı ilə bağlı hələlik məlumat yoxdur. Qəzet nəql edilən neftin miqdarının gəmilərin sudakı dərinliyinə baxılaraq hesablandığını açıqlayıb. Qlobal ticarətə nəzarət edən Kpler şirkətinin hesablamalarına görə, tankerlərlə daşınan neft o zaman İranın neft ixracının təxminən 9 faizini təşkil edirdi.
Qeyd edilir ki, hətta HƏMAS-ın İsrailə hücumu zamanı da neft daşımaları davam etdirilib. Bu çərçivədə Tehrandan Vaşinqtona ən azı 2,8 milyard dollarlıq idxal reallaşdırılıb. Üstəlik, bu gəmilər elektron sistemlərə görə Fars körfəzi və Oman sahillərində lövbər salmış kimi görünsələr də, peyk görüntülərində orada olmayıblar.
ABŞ-ın İrana qarşı sanksiyalarında 2,8 milyard dollarlıq boşluq olduğunu yazan “New York Times” ABŞ sanksiyalarının İranın neft daşınmasını dayandıra bilmədiyinə diqqət çəkib və əlavə edib ki, Fars körfəzindəki demək olar ki, bütün limanlardan hərəkət edən gəmilər bir Amerika şirkəti tərəfindən sığortalanıb.
ABŞ rəhbərliyinin, gəmiləri sığortalayan Nyu-York mərkəzli “America Club” adlı şirkətin tankerlərə verdiyi zəmanəti ləğv edərək sözügedən neft ticarətini dayandıra biləcəyini yazan “New York Times”, bunun əvəzində 27 tankerin İrandan neft daşıdığını bildirib.
Qeyd edilir ki, “American Club” kimi şirkətlərin gəmilərə verdiyi sığorta, sektordakı insanlar tərəfindən “ticarət bileti” adlandırılır. Gəmilərin həqiqi yerlərini gizlətmək üçün “fırıldaqçılıq” adlı taktikadan istifadə etdiyini yazan qəzetə görə, keçən il avqust ayında “Glory” adlı tankerin Birləşmiş Ərəb Əmirlikləri sahillərində olduğu görülüb. Lakin reallıqda sözügedən tankerin İranın Asaluye limanında neft yüklədiyi ortaya çıxıb. “New York Times” Fars körfəzi sahillərində heç bir səbəb olmadan gözləyən 11 gəminin isə İran nefti yükləyib-yükləmədiyini müəyyən edə bilməyib.
Qəzet həmçinin xatırladıb ki, Bayden administrasiyası son vaxtlar İranın neft gəlirlərini və ölkənin xaricdə dəstəklədiyi qüvvələri maliyyələşdirmək imkanlarını məhdudlaşdıran bəyanatlar verib.
Bayden administrasiyasının rəsmiləri ilə əlaqə saxlayan qəzet, bu gəmilərə görə kimin məsuliyyət daşıdığının hələlik məlum olmadığını bildirib.
Tahir TAĞIYEV