Bu gün 6,4 milyon azərbaycanlı Prezident seçəcək...
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçici siyahılarında adı olan 6 milyon 478 min 623 seçici 6 537 məntəqədə səs verəcəklər.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, bu seçkilər Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətlidir: “Azərbaycan seçiciləri ilk dəfə olaraq suveren Azərbaycanın ərazilərinin hamısında səsvermədə iştirak edəcək. Həmin ərazilərdə etnik təmizləməyə məruz qalan seçicilərimiz başqa ərazilərimizdə səs verirdilər. Azərbaycan Silahlı Qüvvələri bütün ərazilərimizdə suverenliyimizi bərpa etdikdən sonra həmin o ərazilərdə səsvermə keçirəcəyik. İşğaldan azad olunmuş ərazilərdə 26 məntəqə yaratmışıq".
MSK sədri deyib ki, bütün məntəqələr səsvermə üçün tam hazırdır və onların hazırlığı beynəlxalq tələblərə cavab verir.
Bütün seçki məntəqələri lazımi avadanlıqla təchiz edilib, MDB PA, Şanxay Əməkdaşlıq Təşkilatı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Türk Dövlətləri Təşkilatının nümayəndələri seçkiləri müşahidə edirlər.
M.Pənahovun sözlərinə görə, seçkiləri izləmək üçün 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib. MSK sədri bildirib ki, onlardan 5405-i MSK, 83 961-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.
Seçki prosesini izləmək üçün akkreditasiyadan keçən 790 beynəlxalq müşahidəçinin 72 beynəlxalq təşkilatı təmsil etdiyini deyən MSK sədri qeyd edib ki, onlar 89 ölkənin vətəndaşlarıdır.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının artıq bir aydan çoxdur Azərbaycanda olduğunu bildirən M.Pənahov qeyd edib ki, onlar seçkiləri tam tərkibdə müşahidə edəcəklər. Onların nümayəndə heyəti ümumilikdə 266 nəfərdən ibarətdir.
“Bundan əlavə, ATƏT-in Parlament Assambleyasının 96 müşahidəçisi seçkiləri izləyəcək. Adətən bu qurumlar səsvermənin nəticəsi ilə bağlı birlikdə hesabat hazırlayırlar”, - deyə MSK-nın sədri əlavə edib.
Bundan başqa, seçkilərdə ümumilikdə 190 beynəlxalq media qurumu iştirak edir. M.Pənahov bildirib ki, onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.
“Seçkilərin şəffaflığı baxımından bizim heç bir problemimiz olmayacaq. Biz 15 ildən artıqdır ki, ənənəvi olaraq min məntəqədə veb-kameralar quraşdırırıq. Bu veb-kameralar məntəqələrdə olan səsvermə kabinələrindən başqa, bütün mənzərəni əks etdirir”, - deyə M.Pənahov əlavə edib.
MSK sədri vurğulayıb ki, seçkilərdə əsas tələblərdən biri şəffaflığın tam təmin edilməsidir. Komissiya rəhbəri onu da qeyd edib ki, seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb və onların arasında 790 nəfəri beynəlxalq müşahidəçilərdir. Həmin müşahidəçilərin hamısı mötəbər beynəlxalq təşkilatları təmsil edirlər.
Məzahir Pənahov diqqətə çatdırıb ki, seçki prosesində şəffaflıq baxımından heç bir problem olmayacaq: “Ölkə ərazisi üzrə 1 000 məntəqədə veb-kameralar quraşdırılıb və saat 07:30-dan gün ərzində bütün proseslər başa çatana qədər veb-kameralar işləyəcək. Həmin məntəqələrdə baş verənləri MSK-nın rəsmi saytından izləmək olar.
O deyib ki, müşahidəçilər seçki prosesini rahatlıqla izləyə biləcəklər: “Müşahidəçilər üçün də məntəqələrdə bütün şərait yaradılıb. Onlar məntəqə daxilində baş verən bütün prosesləri əvvəldən sona qədər izləyə biləcək”.
M.Pənahov bildirib ki, səsvermə kabinlərinə ancaq bülleteni əlində olan seçici daxil ola bilər. Onun bülleteni qutuya atmasını hamı görməlidir: “Buna mütləq diqqət etmək lazımdır”.
Komissiya sədri onu da deyib ki, səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılır: "Həmin qutuların çatdırılması isə müşayiətlə həyata keçirilməli və təhlükəsizlik məsələləri təmin olunmalıdır".
Səsvermə yekunlaşandan sonra ilkin olaraq daşınan qutular açılıb sayılır.
Seçki günü Azərbaycandan kənarda olan seçicilərin də səsvermə hüququndan istifadə edə biləcəklərini deyən MSK sədri qeyd edib ki, xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb: “Həmin məntəqələrdə 23 mindən artıq seçicinin adı var”.
Bir çox beynəlxalq təşkilat kimi Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) da fevralın 7-nə təyin edilmiş prezident seçkilərini izləmək üçün Azərbaycanda fəaliyyətə başlayıb.
TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömüralıyevin rəhbərlik etdiyi missiyaya qurumun katibliyinin rəsmiləri, üzv dövlətlərin Mərkəzi Seçki komissiyalarının nümayəndələri və TDT ölkələrinin mütəxəssisləri daxildir.
TDT-nin müşahidəçiləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də seçkiləri izləyəcəklər.
Nümayəndə heyətinin səfərinin müddəti fevralın 8-dək planlaşdırılıb.
Ramil QULİYEV