ŞOK İDDİA - İsrail İranın neft-qaz obyektlərini, Prezident Sarayını, Dini lider və SEPAH-ın qərargahlarını vuracaq…
Oktyabrın 1-də İranın İsrailə raket hücumlarından sonra İsrail Tehranı enerji, neft və nüvə obyektlərinə hücumla hədələyib. İsrailin hücumu hər an gerçəkləşdirə biləcəyi gözlənilir. Dünyanın bütün diqqəti İranın strateji əhəmiyyətli obyektlərinə çevrilib.
İran İnqilabı Keşikçiləri Korpusunun komandanının müavini, briqada generalı Əli Fedevi bir neçə gün əvvəl verdiyi açıqlamada, İsrailin İranın neft obyektlərinə hücum etməyi planlaşdırdığı təhdidlərinə cavab olaraq, İsrailin bütün enerji obyektlərini hədəfə alacaqlarını bəyan edib.
ABŞ prezidenti Co Bayden isə İsrailin İrana qarşı necə reaksiya verəcəyinə hələ qərar vermədiyini bildirib: "Əgər mən onların yerində olsaydım, neft yataqlarından başqa alternativləri nəzərdən keçirərdim".
İndi İsrailin İranın hansı strateji obyektlərini vuracağı maraq doğurur. İsrail mediasında bu gün bununla bağlı diqqətçəkən bir yazı dərc edilib. “Ynet” adlı xəbər saytında İranın ötən həftə həyata keçirdiyi ballistik raket hücumlarına cavab olaraq hədəf alınacaq yerlər bir-bir qeyd edilib.
Qeyd edilir ki, İsrailin mümkün hədəfləri arasında Tehrandakı neft və qaz obyektləri, Prezident Sarayı, Dini lider Xamneyinin və İran İnqilabı Keşikçiləri Korpusunun qərargahları da yer alır.
Onu qeyd edək ki, ölkənin cənubundakı Buşehr əyalətindən təxminən 50 kilometr aralıda yerləşən Hark adasında dövlətə məxsus İran Milli Neft Şirkəti (NIOC) tərəfindən qurulmuş nəhəng neft anbarları yerləşir. Bundan başqa, İranın ən böyük neft ixrac terminalı da bu adada yerləşir. Burada xam neft tankerlərə yüklənir və dünya bazarlarına çıxarılır. Neft ixracının böyük hissəsi bu adadan həyata keçirilir.
Bu arada, İsrailin "neft obyektlərinə hücum edəcəyi" xəbərlərindən sonra İranın neft naziri Paknejad Buşehr vilayətinə səfərdən sonra neft obyektlərini ziyarət etmək üçün Hark adasına gedib.
Nazir bundan bir gün əvvəl Aseluye şəhərində qaz obyektlərinə baş çəkib.
Tahir TAĞIYEV