Keçmiş ABŞ rəsmisi ilk dəfə açıqladı - 2022-də İstanbulda Ukrayna-Rusiya danışıqlarını ABŞ-dan gələn o mesaj alt-üst edib...
Ukraynalı heyət Rusiya ilə razılaşmanı şampan şərabı ilə qeyd etməyə hazırlaşırmış, ancaq...
ABŞ dövlət katibinin keçmiş müavini Viktoriya Nuland 2022-ci ildə Ukraynanın Rusiya ilə İstanbulda əldə olunan razılaşmaları imzalamaqdan vaz keçməsinin səbəbini ilk dəfə açıqlayıb. Nulandın sözlərinə görə, Ukrayna razılaşmanın onların maraqlarına uyğun olub-olmadığına əmin olmayıb və bu məsələ ilə bağlı ABŞ-dan məsləhət istəyib.
Nulandın deyib ki, əvvəlcə danışıqlarda iştirak edən ukraynalı heyət razılaşmanı "əsl bir anlaşma” olduğunu düşünüblər və bunu şampan şərabı ilə qeyd etməyə hazırlaşıblar. Ancaq Nulandın dediklərindən belə aydın olur ki, ABŞ Rusiyanın tələblərindən birinin Kiyev üçün əlverişsiz olduğunu son anda onlara çatdırıb.
Onun sözlərinə görə, Rusiya Ukraynanın hərbi imkanlarını məhdudlaşdıran şərt qoyub, lakin özü üçün oxşar məhdudiyyətləri qəbul etməyib. Bu vəziyyət Ukraynanı hərbi cəhətdən zəiflədəcək və Rusiyaya qeyri-məhdud hərəkət azadlığı verəcəkdi. Ukrayna nümayəndə heyəti ABŞ-ın xəbərdarlığı ilə bu şərtlərin ədalətsiz olduğuna qərar verib və bununla da İstanbul danışıqları iflasa uğrayıb.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin 2022-ci ildə əldə edilmiş razılaşmalar əsasında Ukrayna ilə yeni danışıqlara hazır olduqlarını bəyan edib. Putinin sözlərinə görə, o vaxt Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevə gələrək onlara “son ukraynalı qalana qədər müharibəni davam etdirmələ” bağlı təzyiq edib.
Ukrayna prezidenti Zelenski isə iyul ayında müharibənin ən qısa zamanda bitməli olduğunu və ilin sonuna qədər keçirilməsi planlaşdırılan ikinci sülh sammitində Rusiya nümayəndə heyətini görmək istədiyini bildirib.
Tahir TAĞIYEV