Deputatdan düşündürücü məlumat - eyni dərmanların ucuz variantı Azərbaycana buraxılmır...
Pərvanə Mustafayeva: “Dərman şirkətləri ölkəyə daha çox bahalı dərman preparatları gətirməkdə maraqlıdırlar”
Son vaxtlar apteklərdə ucuz dərman preparatları tapılmır. Məsələ bu günlərdə Parlamentin komitə iclasında da müzakirəyə çıxarılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən iclasında deputat Rüfət Quliyev çıxışında bildirib ki, bir qutusu 73 manata satılan "Sincardi" preparatı artıq ölkəyə gəlmir.
Onun əvəzinə ölkəyə gətirilən dərman isə 230 manata satılır: "Yəni vətəndaş 73 manat əvəzinə 230 manat verib, özünə dərman almalıdır?! Bunun qarşısını almaq lazımdır. Mən bir dəfə burada başqa dərmanla bağlı çıxış etdim, o məsələ həll olundu. Biz yenə də bu məsələlərdə insanlara kömək etməliyik. Burada şirkətlər oyunlar oynayır".
Mövzu ilə bağlı apteklərdə araşdırma apardıq. Apteklər də artıq əksər ucuz dərmanların gətirilmədiyini təsdiq etdilər. Buna səbəb isə preparatlar;n ölkəyə dərman idxal edən iri şirkətlər tərəfindən müəyyənləşdirilməsidir.
“İdxal edilən bütün dərman preparatlarının qiymətləri əlçatan olmalıdır”
Həkim ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dərmanların keyfiyyəti ilə yanaşı, qiyməti də insanları narahat edir: “Son 3-4 ildə kiçik şirkətlər müflisləşib bazardan çıxdılar. Nəticədə bir neçə iri şirkətin bazarda diqtəsi yarandı ki, onlar da qiyməti istədikləri kimi tənzimləyə bilirlər. Dərman şirkətləri ölkəyə daha çox bahalı dərman preparatları gətirməyə maraqlıdırlar. Çünki bu zaman gəlirləri dəfələrlə çox olur. Bunun zərərini isə əhali çəkir”.
Ekspertin sözlərinə görə, bu gün dünyada dərman sənayesi silah satışından sonra ikinci yerdə gəlir. Dərman idxalında monopoliya olmamalıdır: “Çünki o dərmanları almağa pul lazımdır. İmmun sistemi də zəifdir, ərzağın da çoxu xaricdən idxal edilir və əksəriyyət də keyfiyyətsizdir. Nəticədə insanlar həkimlərə müraciət edirlər. Əhalinin vəziyyətini nəzərə almaq lazımdır”.
Həmsöhbətimiz hesab edir ki, idxal edilən bütün dərman prepratlarının qiymətləri əlçatan olmalıdır: “Hətta dövlət müəyyən dərmanlara dotasiya verə bilər və ya gömrük rüsumuna müdaxilə edə bilər ki, dərmanlar cəmiyyət üçün əlçatan olsun. Bahalı dərmanın ölkəyə gətirilməsi isə ayrı bir problemdir. Həkim xəstəyə ucuz dərman yazsa, təbii ki, bahalı dərmanın bazarı bağlanacaq. Yazmır ona görə ki, bahalı dərman gətirən şirkətlə birgə işləyir. Şirkət gətirdiyi dərmanların siyahısını həkimə verir, həkim də xəstənin maddi durumunu nəzərə almadan təyinat yazır”.
Günel CƏLİLOVA