Paşinyan Qərbin əsas layihəsinin icrasına başladı - “bir gün Rusiya Qafqazda olmaya bilər"...
Ramil Məmmədli: “Daha sonra 102-ci bazanın Ermənistanı tərk etməsi və KTMT ilə yolları ayırmaq gündəmə gələ bilər”
Ermənistan hakimiyyəti Zvartnots hava limanında Rusiya sərhədçilərinin varlığını müzakirə edir. Bunu Mülki Müqavilə Partiyasından olan deputat Artur Ovannisyan deyib:
“Bu məsələ həm bizi, həm də cəmiyyətimizi narahat edir. Partiyamız daxilində müzakirələr gedir, hələ ki, bir qərar yoxdur”.
Mülki Müqavilə Partiyasından olan digər deputat Vladimir Vardanyan da deyib ki, ölkənin hava sərhədlərini ermənilər qorumalıdır.
Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan və parlament sədri Alen Simonyan rus sərhədçilərin Zvartnotsda qalmasının heç bir hüquqi əsası olmadığını bildirmişdilər.
Bu, o anlama gəlir ki, Qərbin projesi həyata keçməyə başlayıb. Demək olarmı ki, Ermənistan rus qoşunlarının, hərbi bazasının ölkədən çıxarılmasına start verib?
Hərbi-siyasi şərhçi Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tədricən Rusiyadan uzaqlaşmaq xətti tutan Paşinyan hakimiyyəti 44 günlük müharibədən sonra bu xətt üzrə daha intensiv addımlar atmağa başlayıb. Rusiya-Ukrayna müharibəsinin başlaması və ötən ilin sentyabrında Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistan tam sürətlə Moskvadan qoparaq Qərbə üz tutdu. Dəfələrlə Moskva layihəsi olan KTMT-dən uzaqlaşmaq fikirləri səslənib. Ermənistandakı Rusiya hərbi mövcudluğunun taleyi kimi məsələlər müxtəlif səviyyələrdə gündəmə gətirilib. Son günlərdə İrəvandakı Zvartnots hava limanından Rusiya sərhədçilərinin çıxarılması məsələsi qoyulub. Aydın şəkildə görünür ki, Paşinyan Qərbin cızdığı plan üzrə hərəkət edir və Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna son qoymağa çalışır.
Zvartnotsdan Rusiya sərhədçilərinin çıxarılması reallaşarsa, daha sonra 102-ci bazanın Ermənistanı tərk etməsi və KTMT ilə yolları ayırmaq gündəmə gələ bilər. İrəvanın tez zamanda buna nail olmaq kimi şansı yoxdur”.
Bir daha görünür ki, Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə Rusiya ilə bağlı səsləndirdiyi bəyanatları həyata keçirməyə başlayıb.
Qeyd edək ki, Paşinyan müsahibəsi zamanı vurğulayıb ki, Rusiya gələcəkdə Cənubi Qafqazda olmaya bilər: “Bir gün yuxudan ayılıb görəcəyik ki, Rusiya artıq bu regionda yoxdur”.
Məhəmmədəli QƏRİBLİ