Amerikanların 7 fevralqabağı rəy sorğusunda ilginc fakt - məşğulluq və maaş problemi...
İlqar Hüseynli: “Bütün bu problemlərdən xilas olmaqla bağlı hələ ki, ortada ciddi nəticə yoxdur”
Bu günlərdə ABŞ-ın “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” birgə sosioloji sorğu keçirib. Sorğuda bir sıra suallar öz əksini tapıb.
Diqqəti çəkən məqam odur ki, sorğu iştirakçıları məşğulluq probleminə və maaşların azlığına daha çox diqqət yönəldiblər. Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə ünvanlanmış “Hazırda ölkəmizin üzləşdiyi ən vacib problem hansıdır” sualına 2,3% iqtisadi vəziyyəti, 34,9% məşğulluğu, 27,1% əməkhaqqını, 0,4% Azərbaycanın beynəlxalq arenada rolunu, 0,1% cinayətkarlığı, 14,1% korrupsiyanı, 6,7% təhsili, 0,2% ekologiyanı, 13,1% səhiyyəni, 1,1% isə məişət zorakılığını qeyd edib.
Məlum olur ki, Azərbaycanın ən böyük problemi məşğulluq və əməkhaqqının azlığıdır. O baxımdan bu, çox maraqlı məqamdır. Hər halda beynəlxalq təşkilatın apardığı sorğunun ortaya qoyduğu bu nəticə bizim üçün həyəcan təbili anlamına gəlir. Artıq təsdiq olunur ki, Azərbaycanda bu problemlər var.
“Xüsusən də regionlarda məşğulluqla bağlı, işsizliyin yüksək olması ilə bağlı ciddi problemlər var”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən ekspert İlqar Hüseynli hesab edir ki, hər iki problem bir-biri ilə sıx bağlıdır: “Bu sorğuda biz ilk üçlükdə dayanan nəticələri toplasaq, təxminən 60 faizə yaxın ümumi nəticəni cəmləsək – iqtisadi vəziyyət, məşğulluq, maaşların azlığından şikayət edənlərin sayı daha çoxdur. İqtisadi vəziyyət, məşğulluq və əməkhaqqı birbaşa bir-biri ilə bağlı olan problemlərdir. Sorğuda deyilənlər reallığı özündə əks etdirir. Biz illərboyu məşğulluqdan və insanların maddi təminatında iş imkanlarının zəif olması ilə bağlı sorğuları, məlumatları cəmiyyətə təqdim etmişik. Xüsusən də regionlarda məşğulluqla bağlı, işsizliyin yüksək olması ilə bağlı ciddi problemlər var. Özü də getdikcə bu problemlərin miqyası daha da böyüyür. Nəticədə bölgələr boşalır. Əmək qabiliyyətli əhali şəhərlərə və digər ölkələrə axın edir. Paytaxtla müqayisədə bölgələrdə əməkhaqlarının həcmi daha aşağıdır. Bütün bu problemlərdən xilas olmaqla bağlı hələ ki, ortada ciddi nəticə yoxdur. Əsas çıxış yolu odur ki, ölkədə qeyri-neft sektorunun real inkişafı təmin olunsun. Əfsuslar olsun ki, bu sahənin inkişafı ilə bağlı biz gecikmişik. Ancaq geciksək də artıq bu barədə düşünmək lazımdır. Bunun yollarından biri də kiçik və orta sahibkarlığın inkişafıdır. Sahibkarların vergi yükünün azaldılmasıdır. Xarici sərmayənin real sektorun inkişaf etdirilməsinə cəlb edilməsidir. Nə qədər ki bunlar təmin olunmayıb, sadalanan problemlər öz həllini tapmayacaq”.
Vidadi ORDAHALLI