Vətəni canından əziz bilən Elnur - şəhidin xatirəsi anıldı...
Dağlar diyarı Lerikdə tariximizin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsində rəşadət nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalmış kiçik gizir Elnur Əsədullayevin doğum günü xatirəsi anılıb.
Belə ki, Lerik Rayon İcra Hakimiyyətinin müavini Arzu Vəlimmədova, YAP Lerik rayon Təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndəsi, eləcə şəhidin ailə üzvləri ölümsüzlüyə qovuşan qəhrəmanın məzarına baş çəkib, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsinə ehtiramını bildiriblər.
Daha sonra Lerik Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev deyib: “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. O qanla torpaq canlanır, Vətən yaşayır. İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək tarix yazan dağ vüqarlı, Vətən sevdalı igidlərimiz bir daha bunu göstərdilər. Mərdliyi, dürüstlüyü indi dillərdə dastan dönən bizim Elnur da onların arasında olmaqla. Bir sözlə, torpaq uğrunda canından keçən oğul və qızlarımızı qəlbimizdə yaşatmaqla xatirəsini əziz tutmaq ən müqəddəs borcumuzdur”.
Lerik şəhərində dünyaya gələn Elnur İmran oğlu Əsədullayev 18 yanvar 2018-ci ildə hərbi xidmətini başa vurub üzüağ evinə qayıdıb. Vətən torpaqların düşmən tapdağında qalmasına dözməyən Elnur 15 iyun 2018-ci ildə könüllü olaraq hərbiyə gedib. Beyləqan rayonunda canından artıq sevdiyi Azərbaycanın keşiyində durmaqla yağı düşməndən qisas alçağı günə hazırlaşıb. Həmçinin komandirlərin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyinə görə kiçik gizir Elnur manqa komandirlikdən tank komandiri vəzifəsinə yüksəlib.
Kiçik gizir Elnur Əsədullayev 27 sentyabr 2020-ci il tarixindən etibarən başlayan II Qarabağ müharibəsinin ilk günündən qanlı döyüşlərdə fəal iştirak edərək düşmənə sarsıdıcı zərbələr endirib, onun xeyli sayda canlı qüvvəsini məhv edib. Hər dəfə odun-alovun içində yağıya divan tutan Lerikin mərd oğulu oktyabr ayının 30-da Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhidlik məqamına yüksəlib.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə", "Füzulinin azad olumasına görə", "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Yurd sevgisini torpağa tökdüyü qanı ilə sübut edən şəhid Elnur Əsədullayevin ömür yolu əbədidir.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü