Agentlik rəsmisi işğal dövründə dağıdılan su anbarlarının sayını açıqladı
30 il ərzində 9 su anbarı, 1200 km suvarma kanalları dağıdılıb. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müşaviri Çingiz Abdullayev “Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, işğal altında olan su anbarlarının sayı 9, su tutarlarının sayı 7 olub.
“İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın su infrastrukturuna ciddi ziyan vurulub. Ermənistan tərəfindən su hövzələri çirkləndirilib, su ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə edilib. Azərbaycan dəfələrlə bu məsələlərlə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, işğalçı dövlət buna məhəl qoymayıb. Artıq işğaldan azad edilən ərazilərdə su infrastrukturunun bərpası istiqamətində işlər görülür. Belə ki, 2023-cü ildə Laçın şəhərinin yeni içməli və tullantı su şəbəkələri istismara verilib, Füzuli şəhərində yeni layihənin icrasına başlanılıb. Şuşa şəhərinin içməli su təminatında dayanıqlığın artırılması məqsədilə Zarıslıçay nasos stansiyasının və mərkəzi su anbarının inşası başa çatıb”, - deyə Çingiz Abdullayev əlavə edib.